ABŞ psixoloqları bir neçə il bundan əvvəl, sözün insana təsiri ilə bağlı maraqlı psixoloji test keçirib. Testin nəticəsində məlum olub ki, əgər qadın ərinə 85 dəfə "Sən donuzsan” deyirsə, 86-cı dəfə kişi mütləq donuz kimi hərəkət etməyə başlayacaq. Ya xoruldayacaq, ya donuz kimi yemək yeyəcək və s.
Aprel "Dünya Autizm Maarifləndirmə Ayı” olduğuna görə son günlər tez-tez autizmli uşaqlara sırınan "xəstə” adını eşitdikcə, nədənsə bu testi xatırladım. Bir baxışda coxsaylı rəqəmləri əzbər yadında saxlayan, hava haqqında məlumatı əvvəlcədən verən, dünyanın cırtdan ölkəsindən başlamış, dünya ölkələrinin xəritədəki yerini və prezidentlərinin adını əzbərləmık kimi qeyri adi bacarığa malik olan insanı güclə "xəstə” kateqoriyasına daxil etməyin kəraməti məni məətəl qoyub.
Xəstələnmişlərdənsinizmi?
Keçənlərdə İctimai televiziyada "Müzakirə vaxtı” verilişini izlədim. Mövzu autizmli uşaqlar, ya da "xoş olmayan” (red. aparıcı verilişi bu ifadə ilə başladı) faktlar haqqında idi. Süjetdə başdan ayağa Qonaqlardan biri ictimai xadim, digəri isə bu sahədə beynəlxalq təcrübəyə malik mütəxəssis idi. Aparıcı, Allah saxlamış, elə verilişin əvvəlindən autizmli uşaqları faciə kimi təqdim etdi: "Bu uşaqları tam sağaltmaq mümkündürmü?” (bu xəstəlikdir ki, sağaltmaqdan danışaq. Bəlkə də "Bu uşaqların tam sosiallaşması mümkündürmü?” deyə soruşmaq istəyib) Hərdən də mütəxəssis qarışıq, autizmli uşaqlara "xəstə” deyib üstündən keçdilər.
İctimai birliklərin birgə səyi sayəsində bu yaxınlarda Milli Məclisin sosial siyasət komitəsi "Autim haqqında” qanunu müzakirə etdi. Uğurlu və təqdirəlayiq addım, əlbəttə alqışlanmalıdır. Xəbər yayıldı ki, bəs deməssiniz komitə autizmli "xəstələrlə” bağlı müzakirə aparıb. Ölkənin baş psixiatrı Gəray Gərayzadə də müzakirədə məsələnin gözünü düzəldib: "Bizə daha çox reabilitoloq, loqopetlər, sosial işçilər və pedaqoqlar lazımdır. Cəmiyyətimizi xəstəlik barədə maarifləndirmə tədbirləri daha çox aparılmalıdır” Hadi Rəcəbli də Gərayzadənin düzəltdiyi "gözə” uyğun "qaş” qoyub: "Dünyada təxminən 70 milyona yaxın, Azərbaycanda isə 3500 nəfər autizm xəstəsi var.” Anlamadım, o, dünyadakı hansı autizmli insanı "xəstə” adlandırırdı? Universitetdə oxuyub doktor elmi dərəcəsi alan Temple Qrandini, təyyarədə 20 dəqiqəlik uçuşdan sonra Nyu-Yorkun təsvirini əllə 18 fut hündürlüyündə çəkən autizmli Stephen Wiltshireni, qısa vaxt ərzində Nyu-Yorkun best sellerinə çevrilən "Gözlərimin içinə bax” adlı əsərin müəllifi olan autizmli John Elder Robinsonu, yoxsa 3 yaşından bir neçə məşhur kinolarda rol alan autizmli Daryl Hannahi? Siyahını uzatmaq olar, çünki dünya autizmli insanlara "xəstə” deyib özlərindən uzaqlaşdırmır, əksinə ona qucaq açıb sevgi ilə əhatə edir. Onların üstün fərqini inkişaf etdirməyə dəstək olur. Xülasə…
Mətbuat da bu məsələni "xəstə” deyib ictimailəşdirməkdə aktivlik nümayiş etdirdilər. Nə vaxtsa sitat müəllifləri xəbərin düzgün təqdimat formasını onlardan oxuyub maariflənər deyə, ərkim çatan mətbuat nümayəndlərinə autizmin niyə xəstəlik deyil, sindrom adlandırıldığını sadə dillə anlatdım. Bəziləri düzəliş etdi. (Təşəkkür edirik!!) Bəziləri isə (babalı yuya bilmərəm) komitə müzakirəsində onları mütəxəssislərin yanında "xəstə” deyə adlandırdıqları əsas gətirib, dəyişə bilmədiyini dedi. Xəbəri agentlik yaydığından bir neçə mətbuat nümayəndəsi də onlara istinad edərək, bu uşaqlara "xəstə” deyib belini qırmağa davam etdi. Beləcə, komitənin Quran ayəsi deyə dəyişdirilməsi mümkün olmayan sitatları aləmi dolandı. Cəmiyyətimiz də autimzli sindromlu "xəstələr”dən hali oldu.
Qaranquş gəldi-gedərdir, siz sərçədən yapışın!
Gəlin qısa test keçirək. Təsəvvür edin… Şirin şəkər bir balanız var. 3 yaşında öyrənirsiniz ki, övladınız hansısa üstün fərqliliyə malikdir. Bu fərqliliyini düzgün istifadə etməsi üçün təlimlərə aparırsınız, gözəl gələcəyə inanırsınız. Günlərin birində övladınıza həsr olunan verilişi izləmək üçün sevincək televizoru açırsınız və ilk şərhdən övladınıza "xəstə” deyə xitab olunur. Nə hisslər keçirdiniz?
İndi isə autizmli övladı olan valideynləri fikirləşin. Sizin bu sözünüzə görə autizmli övladının nəyə qadir olduğunu anlamayaraq onları cəmiyyətdən daha israrla gizlətməkdə davam edən valideynləri fikirləşin! Onların niyə və kimdən utandırdığınızı fikirləşin? Reablitasiyadan uzaq düşüb beli bükülən övladın vəziyyətini fikirləşin! Ölkəmizdəki autizmli uşaqların qonşu ölkələrimizdə, Avropa, ABŞ-dakı kimi irəli gedə bilməməsinin səbəblərini fikirləşin? Heç kim yaxasını kənara çəkməsin! Çünki bu uşaqların Azərbaycanda bügünkü vəziyyətində hamımızın, onlara "xəstə” deyərək cəmiyyətdən uzaqlaşdıran əlimizin, danışan dilimizin payı var.
Insanı "donuza” çevirmək, 85 dəfə bu adı xitab formasında demək asand olduğu kimi, sağlam insanı xəstələndirmək də "xəstə” sözünü ona davamlı ünvanlamaq qədər sadə və asanddır. Amma mən buna görə sizi "xəstə” adlandırmayacam. Çünki mən ayının deyil, insanların dostuyam. Gəlin dost olaq. Nə deyirsiniz?
Mənim adım Autizmdir. Bəs sizin?