Bazar günü idi. Fikirləşdim ki, istirahət günündə gülüş dəqiqlələri yaşamaq, yeni həftəyə enerji ilə başlamağıma əla stimul verər. Yollandım saraya. Planet Parni iz Baku KVN teatrının qrup rəhbəri kimi, komandasının da səhnəyə özünə əmin addımlarla çıxmağı, bir neçə saat davam edəcək tamaşada maraqlı gülüş vəd edirdi. Vaxt, komandanın hazır cavablığını nümayiş etdirməyə çatdı. Tamaşaçılardan biri böyük həriflərlə qısa bir sual yazmışdı. Əvvəlki cavabın sərrastlığının təsiri altında gülümsəyirdim ki, yeni sualı oxuyan komanda rəhbəri Tahir İmanovun "zarafatı” sifətimə sillə kimi dəydi, təbəssümüm üzümdəcə dondu. "Baxın, korlar üçün yazıb! hahaha” …
Bir anlıq zalda olan eynəkli, görmə qabiliyyəti zəif və məhdud olan tamaşaçıların pərt simasını gözümün qarşısına gətirdim. Sillə kimi dəyən "kor” zarafatın "ləzzət”inə gülənlərin nəyə güldüklərini bilmək istədim. Istədim deyim, görmə əlilləri artıq əsirlərdir ki, sizə yad olan Brayl əlifbası ilə yazırlar, kimə və nəyə gülürsünüz?
Qızının gözəlliyini bugünə qədər görməyən, kəndin qoyunlarını otarmaq üçün atasına çobanlıqda kömək edən balaca qızcığazın halınamı?
Gecə vaxtı yolu keçərkən maşını görmədiyindən zərbəyə tuş gəlib dünyasını dəyişən, görmə əlilli olan atasının yolunu gözləyən balacaların halınamı?
İnsan amilinin önə çəkilib "kor” ifadəsinin illərdir "görmə əlilliyi olan insan” ifadəsi ilə əvəzləndiyini bilməməyinizəmi?
BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına 7 ildir qoşulan ölkədə, "elit” səhnələri hələ də bu cür kobud ifadələrin bəzəməsinəmi?
Bu cür ifadəni səhnədə, belə rahatlıqla işlətməyinizlə bu insanlardan, onların qayğısından nə qədər uzaq olduğunuzu ortaya qoymağınızamı?
Atalarımızın hər dediyi qanun deyil…
Kiməsə "kor deyib, gəlib gedəni vur” demək zəmanəsi çoxdan keçib, cənablar! Konstitusiyanı gözünüzə dürtərlər. Bağrına çat salan səbəblərin bolluğunda, daha heç bir "Kor” da "kora kor” demir. "Qonşu qonşu olsa kor qız ərə gedər” əsri də lap çoxdan bitib, ay 21-ci əsrin müasirləri. İndi ərə getmək üçün qızlara "qonşu tərifi” də lazım deyil.
Korğolu siz deyənlərdən deyil …
Bir neçə əsr əvvəl, xalq Rövşən adlı bir oğlanın qəhrəmanlığından ilhamlanıb ona korun, yəni atəşin oğlu adını verdi. O, yek idi – at çapmaqda, bığ saxlamaqda, bir oturuma 7 qazan aş yeməyində, nə bilim Nigarını gedib alovun içindən götürüb qaçmaqda. Xülasə, o kişinin özü də, elə adı da təkdir. Bir dəfə gəldi və getdi. O KORoğludan bir daha olmayacaq…