Onlar haqqında hər zaman başqaları danışıb. Keçirdikləri hisslər, yaşantıları, uğurları, adətən, başqasının dilindən təsvir olunub. "ElnaraMedia” bu dəfə qaydaları dəyişdi.
"Məqsəd. Kiçik addım… Böyük irəliləyiş” layihəsi Azərbaycanda ilk dəfə, əlilliyi olan gənclərə öz uğur hekayələrini hazırlayıb təqdim etmək imkanı qazandırdı: qarşılarına qoyduqları məqsəd, ona çatmaq yolunda atdıqları addımlar və həmin addımların gətirdiyi böyük uğur!
Layihənin başlıca məqsədi əlilliyi olan gənclərin cəmiyyətə fəal inteqrasiyasına dəstək olmaq, vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkmək, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir.
Üç gün davam edən təlimdə hekayəni yazmaq və onu multimedia vasitələrindən istifadə edərək yaymaq bacarığını iştirakçılara ingiltərəli beynəlxalq təlimçi Dan Mason aşıladı. Layihə çərçivəsində onlara həm də vətəndaş jurnalistika bacarıqları, müsahibə almaq, kameradan istifadə etmək, kadrların çəkilməsində riayət olunacaq qaydalar təlim olundu. Hər kəs bu təlimdən özü üçün yeni nəsə kəşf etməklə ayrıldı. Kimisi özünü, kimisi cəmiyyətdəki mövqeyinin vacibliyini, kimisi uğurun sirrini, kimisi də məqsədlərin yaratdığı xarüqələri.
Gənclərdən, Masər Həsənovun layihə çərivəsində hazırladığı video çarxı sizə təqdim edirik.