3 yaşım var idi. Rayonda həyətdə oynayanda yıxıldım və başıma mil batdı. O vaxtdan iflic oldum. Kasıb rayon həyatı, müalicə oluna bilməməyim məni aktiv həyatdan təcrid etdi. Valideynlərim məni qucağında gəzdirirdi. Evdə olanda isə döşəmənin üstündə uzadırdılar, nə mən gəzə bilirdim, nə də onların məni daşımağa taqətləri qalmışdı. Həmin an, heç onların da ağlına gəlməzdi ki, bir gün mən qaçış üzrə çempionatlığa qatılacam. Hər şey 29 saniyə içində baş verdi…
Valideynlərim kasıb olduğundan uşaq vaxtı müalicə olan bilmirdim. Heç əlil arabası da ala bilmədik. Düzdür indi sevinirəm ki, əlil arabası almayıblar. Çünki tənbəl olub gəzməyə bilərdim. Evdə xalçanın üstündə uzanıqlı qalmaq məni yorurdu. Bir gün stlun ayağından yapışıb durdum. Stoldan bərk-bərk yapışıb bir başından o biri başına süründüm. Sevincimdən az qala uçmaq istədim, amma birinci gəzmək lazım idi. Valideynlərim bunu görəndən sonra mənə qismən dəstək olmağa başladılar. Ayağımı yerlə sürüyə-sürüyə elə məktəbə də getdim, kolleci, sonra da universiteti bitirdim.
2011 ci il müalicə aldığım mərkəzlərdən birində tanış olduğum xanım mənə parolimpiya haqqınd danışdı. Əsgərliyə gedə bilmədiyim üçün hər hansı sahə olursa olsun Vətənimi təmsil etmək, Bayrağımı zirvələrə qaldırmaq və himnimizi səsləndirmək istəyirdim. Qısa məsafə üzrə qaçışa yazıldım və 2012 ci ildə Xorvatiyada açıq çempionatda 200 metr məsafəyə qaçışda Vətənimi təmsil etmək şərəfi verildi.
Starta 15 dəqiqə qalıb və mən son hazırlığımı edib qaçış yoluna çıxdım. Tapançanın səsi gələndə güllə kimi yerimdən götürüldüm. Finiş xəttini 29 saniyəyə, 3-cü adlayanlardan oldum. Sonuncu sıra olsa da, bu həyatda ilk uğurum idi. Xalça üzərində saatlarla uzanıqlı vəziyyətdə qalıb gəzmək həsrətini çəkən birisinin əlçatmaz zənn etdiyi uğur! Xarici ölədə ilk yarış, ilk cəhd və ilk bürünc uğur! İstəyimi reallaşdırdım və uğurların hələ irəlidə olduğunu dərk etdim.
Bu gün tam inanıram, hər kəsin həyatını dəyişək o, "29 saniyə” var. Yetər ki, onu istəyin və onu tapmaq üçün daim axtarışda olun. Hər kiçik addımın özü ilə böyük uğur gətirəcəyindən əminəm.
P.S. Məqalə "Məqsəd. Kiçik addım… Böyük irəliləyiş” layihəsi çərçivəsində hazırlanıb. Müəllif, Sadiq Nəbiyevdir.