Hər zaman bu hadisədən danışanda qurur hissi keçirirəm. Insanın başına elə bir anda, elə bir hadisə gəlir ki, bundan sonra köklü surətdə həyatı dəyişir. Bu hadisə mənfi və ya müsbət ola bilər. Belə bir hadisə mənim də həyatımı dəyişdi.
Hər zaman məni bir sual düşündürürdü: görəsən həyat təsadüflərdən ibarətdir yoxsa hər şey planlanmış şəkildə baş verir? Sonrada öz özümə deyirəm: təsadüf deyə bir termin yoxdur. Insan həyatı boyu plan qurur və onu tətbiq edir. Bu planı sən qurmasan gələcəyin üçün, sənin əvəzinə, sənin xeyrin üçün plan quranlarla qarşılaşırsan və həyatın dəyişir.
Bir gün müəllimim mənə tədbirin aparıcısı olmağı təklif etdi. Auditoriyadan ve insan sıxlığından qorxduğum üçün imtina etdim. Çünki səhnəyə çıxanda həyəcanlanırdım və danışa bilmirdim. Buna görə belə işlərdən uzaq olmağı üstün tuturdum. Fikirləşirdim ki, bacarmadığım işə başlamasam yaxşıdır. Müəllimim isə sanki mənim potensialımı üzə çıxarmağı qarşısına məqsəd qoymuşdu: ” Itirəcək heç nəyin yoxdur. Əgər bunu etsən, içindəki yatmış bacarığını oyadacaqsan və hər bir işin öhdəsindən gəlib, komplekslərindən qurtulmağı bacaracaqsan” deyirdi. Mən isə tərəddüd edirdim… Çünki qorxurdum, dediklərinə tam inanmırdım. Düşünürdüm ki, birdən dediyi qədər uğurlu olmadı. Onda nə edərəm? Uzun israrlardan sonra özüm də bilmədən bir də ayıldım ki, razılıq vermişəm. Səhnəyə çıxmaq lazımdır.
Vaxt yetişdi. Böyük həyəcanla səhnəyə qalxıb mikrofonu əlimə aldım. Cətinliklə də olsa qonaqları salamladım. Ilk alqışları eşitdikdə elə bildim ki, dünyanın sonu yaxınlaşır. Çox həyəcanlanmışdım. Özümü ələ alıb tədbiri davam etdirməyə qərar verdim. Anlamışdım ki, artıq geriyə yolum yoxdu. Bir çıxış yolu var: tapşırığımın öhdəsindən gəlmək. Müəllimin dediyi sözlər qulaqlarımda səslənməkdə idi…
Həmin günüm çox uğurlu oldu. İnsanların fikrini eşitdikcə sanki işimdəki daha bir qorxu və inamsıqlıq buzu əriyirdi. Özümü kəşf etmişdim. Bu hadisədən sonra məndə özünə inam yarandı. Və anladım ki, ilk addımı atmaq, özüdə tam qorxusuz olmaq çox önəmlidir. Əsas odur ki, istəyəsən, bu istəyinə ilk özün inanıb, özünə də güvənəsən. Uğur qazanmaq üçün risk edə də biləsən.
P.S. Məqalə "Məqsəd. Kiçik addım… Böyük irəliləyiş” layihəsi çərçivəsində hazırlanıb. Müəllif, Xanlar Məmmədovdur.