"Qulağını çək, tez ol. Allah göstərməsin, birdən bizə də belə uşaq qismət olar.” Əliliyi olan usagı görən insanların əksəriyyətindən eşitdiyim bu reaksiya, məni hər zaman içimdən bədbinləşdirirdi. Özüm özümə "Mən axı niyə belə doğulmuşam?!” deyə hayqırmaq istəyirdim. Bir gün könülsüz getdiyim təlimlərdən birində, insanlığa verilən qiymət bütün həyatımı, düşüncələrimi dəyişdi.
Ürək çatışmazlığı diqnozu ilə doğulmuşdum. 3 yaşında məni ölü sanmışdılar. Amma anamın israrları sayəsində yenidən yaşamıma davam etmişəm. Cəmiyyətin münasibəti hər zaman ürəyimə iynə kimi sancılırdı. Günlərin birində banklardan birində təlimə qoşulmağa dəvət etdilər. Orada əlilliyi olan gənclər iştirak eləyirdi, mən də onlardan biri. Orda bizim hamımızı çox mehriban, səmimi, qarşıladılar. Yeni dostlar qazandım. Könülsüz qatldığım təlimlərdən indi ayrıla bilmirdim. Burdan ayrılınca yenidən, bizi görüncə qulağını çəkən cəmiyyətə qayıtmaq istəmirdim.
Bir gün təlimçilərimizdən birinin dediyi söz o insanlara münasibətimi dəyişdi: "Cəmiyyətdə qüsurlu və ya qüsursuz insan yoxdur, yalnız ağıllı və ya ağilsiz insan var!” Mən payımı götürdüm, qulağını çəkənlərə "bu sırğa”nı verəcəm.
Daha qulaqlarını çəkən insanlar məni çəkindirmir. Onlara məmnuniyyətlə "sırğa”nı təqdim edirəm. Bizdən qorxmaq, çəkinmək və ya diksinmək lazım deyil, əksinə… Bizim yanımızda olub, dəstək çıxsanız inanın qulaqlarınızı da çəkərək incitməyə ehtiyac qalmayacaq. İnanın ki, mən həyatı və sizi də sevirəm!
P.S. Məqalə "Məqsəd. Kiçik addım… Böyük irəliləyiş” layihəsi çərçivəsində hazırlanıb. Müəllif, Nicat Qədirlidir.