"100 manata həyatınızı dəyişirik” "Həyatda uğur qazanmağın sirrləri” və sairə. İnternetdə bu tip elan və xəbərlərlə tez-tez rastlaşıram. Oxuduqca da hər zaman üzümdə təbəssüm yaranır. Çünki öz təcrübəmə görə bu mənə qəribə gəlir. Görəsən özünə inanmayan, hərəkət edə bilməyən, bütün günü 4 divar arasında oturan insanı bunlar 100 manata necə dəyişir? Mənim həyatımı 6 söz dəyişdi.
Körpəlikdə səndələyə-səndələyə qaçıb anamın qucağına hoppanmaq, küçədə bir yerdə durmadığına görə danlaq eşitmək kimi xoş hisslərə elə uşaq yaşlarımdan həsrət qalmışdım. Hələ böyüyəndə də məktəbə gedə bilməmək, dostlarınla birlikdə gəzə bilməmək çox uzucü birşey idi. Ən pisi də, həkimlərin mənə qoyduqları diaqnoz idi: Sən heç bir zaman gəzə bilməyəcəksən.
Amma mən heç vaxt həkimlərin sözünü qanun kimi qəbul edib pessimistliyə qapılmırdım, çünkü inanırdım: "hər an, hər şey ola bilər”
Günlərin birində, 15 yaşımda, qoltuq ağaclarıma baxıb düşündüm: istəməsəm də bunlar mənimdir. Heç olmasa bunlar mənə stimul versinlər və… Kiçik otağımda onlarla hər kəsin gözündən uzaq gəzməyə cəhd etdim. Bir, iki və nəhayət… İnanılmaz idi, üçüncü cəhdimdə mən həkimlərin 15 ildir dediyini alt-üst etdim. Tezliklə məni də "Sakit bir yerdə otur!” deyə danlayacaqlar. Evdə bir neçə aylıq məşqdən sonra çəliklərlə gəzməyə başladım. Və onlar məni tam yeni həyat yolunun başlanğıcına gətirdi. Gəzməyə başladıqdan sonra təlimçilik bacarıqlarına yiyələndim, yaşıma və məhdudiiyətimə görə böyük uğurlar qazanmağa başladım.
İnsanlar sizə 1oo manata bir neçə həftə ərzində həyatınızı dəyişə biləcəyini deyə bilər və ya mənim həkimlərim kimi tamami ilə əksinə, nələrinsə mümkünsüz olduğunu söyləyə bilərlər. Əmin olun ki, hər şeydən vacib olan sizin özünüzə inamınız, özünüzü düzgün motivasiya etmənizdir.
Siz özünüzə inanmasanız heç bir təlimlər sizə kömək olmaz, heç bir çətinliyin öhdəsindən gələ bilməzsiniz.
İlk növbədə özünüzə inanın, özünüzdə inam yaratmaq üçün isə bu sözü xatırlayın ”Hər an, hər şey ola bilər!”
P.S. Məqalə "Məqsəd. Kiçik addım… Böyük irəliləyiş” layihəsi çərçivəsində hazırlanıb. Müəllif, Murad Məmmədovdur.