Azərbaycanda faliyyət göstərən idman televiziya kanallarının işini tənqid edən müsahibim, Röyalə, Dünya və Avropa çempionluğunu hədəf alsa da şəxsi həyatında edəcəyi seçimlə məni təəccübləndirdiyini etiraf etməliyəm.
Küçədə ona söz atan olarsa kimin bəxtinin gətirəcəyini çox sakit şərh edən Röyalə haqqında qısa arayış:
1991-ci il iyunun 6-sı Füzuli rayonunda anadan olan Röyalə idmana 20 yaşında gəlib. İlk böyük uğurunu 2011-ci ildə Rusiyanın paytaxtı Moskvada Avropa üçüncüsü olmaqla qazanıb.
2012-ci ildə Arubada keçirilən Dünya çempionatında 2-ci yeri tutub. Bundan bir il sonra isə İsveçrədə keçirilən Dünya çempionatında qalib olub. 2015-ci ildə Maldovada keçirilən Avropa çempionatında gümüş medal qazanan idmançımız, həmin ildə Dünya çempionatında bürünc medala sahib çıxıb. Son uğuru isə 2016-cı il Polşada Avropa çempionatında ikinci yer olmasıdır.
"Polşanın Varşava şəhərində sentyabrın 16-sı Avropa çempionatında iştirak etdim. Öz döyüşümdən çox razı qaldım. Yalnız final döyüşümdən çox da razı qalmadım. Çünki finalda qalib də gələ bilərdim. Sadəcə yığmaya getməmişdən, qabaq ayağımdan bərk zədə almışdım. Həkim demişdi ki, məşq etmək olmaz. Amma mən məşq etdim. Şükür olsun ki, nəticə pis olmadı. Amma zədəm olduğu üçün qızıl əldən getdi.”
Özünü oxucularımıza necə təqdim edərdin?
-Çox sadə, Fətəliyeva Röyalə
Neçə yaşından idmanla məşğul olursan? İdmana marağın necə yarandı?
-20 yaşımdan məşğul oluram. Düzünü demək lazımdırsa, mənim idmana heç marağım olmayıb. Sadəcə bir müddət qaldığım Ramana əlillər evinin rəhbərinin təkidi ilə idmana gəldim və çox şükür ki, gəlmişəm.
Bizim mentalitetdə xanımların döyüş növündə çıxış etməsinə bir az yaxşı baxmırlar. Ailən və ətrafında olanlar sənin bu qərarına necə münasibət göstərdi?
-Təbii ki, manə olanlar oldu, əsas da qohumlarım. Qızdı, nə idmanla məşğul olur? Ən əsas da, "Röyalə heç nəyi bacarmaz” kimi fikirlər irəli sürdülər. Amma mən sübut etdim ki, yox insan istədiyi hər şeyə nail ola bilər. Necə ki, şükür bu günə mən hər şeyə nail oluram.
Əsas odur ki, verdiyin qərardan peşman deyilsən. Yəqin indi ailən səninlə fəxr edir.
-Xeyr, peşman deyiləm. Nəinki ailəm, bütün nəslim mənimlə fəxr edir. (gülümsəyir)
Əla! Bəs idman sənin üçün nə deməkdir?
-İdman, mənim üçün ən əsas cəmiyyətdəki insanlara adaptasiya olunmağıma və ən nəhayət, kompleksimə qalib gəlməyimə kömək olub.
Bəs əlilliyin sənə nə vaxtsa işlərində maneə olub?
-Çox az. (Burda yaxşı olardı ki, o bu maneələrdən heç olmasa birini təsvir edərədi, nədən ibarətdir o mane. Onu neçə aşıb sonradan?)
İlk yarışını necə xatırlayırsan?
-İlk yarışım Rusiyanın paytaxtı Moskvada olub. 3-cü yer tutmuşam. Necə xatırlayıram, çox pis. İlk yarışım idi, dəhşət həyacanlı idim. Ayaq üstə belə dura bilmirdim və ən əsas 59 kq-dan 49 kq-a düşmək, özü də 2 həftə ərzində. Məncə yaxşı xatirə kimi yaddaşda qalmaz.
Bəs ən yadda qalan döyüşün hansı olub?
-Təbii ki, bütün döyüşlərim indiyə kimi yadımdadır. Amma ən çox yadda qalan döyüşüm bayrağımızı dalğalandırdığım gün olub. Yəni İsveçrədə dünya çempionu olduğum gün.
Elə rəqibin var ki, onunla qarşılaşmaq istəmirsən, ondan çəkinirsən?
-Yox, çəkindiyim rəqibim yoxdur. Sadəcə yeni rəqiblər olanda maraqlı gəlir ki, bizim döyüşümüz necə olacaq.
Səncə finalda məğlub olub gümüş medal qazanmaq yaxşıdır, yoxsa bürünc medal uğrunda mübarizə aparıb qazanmaq?
-Təbii ki, bürünc uğrunda mübarizə aparmaq yaxşıdır. Mən finala çıxmışamsa gərək qızıl medal mənim olsun, gümüş yox. Ona görə bürünc uğrunda mübarizə aparmaq daha yaxşıdır.
Bu yaxınlarda keçirilən Rio 2016 Paralimpiya Oyunlarında para-taekvando idman növündən heç kim çıxış etmədi. Səncə bunun səbəbi nə idi? Güclü idmançı yox idi?
-Yox, sadəcə bizim idman növünü nədənsə Rio 2016-nın proqramına salmadılar. Amma inşallah 2020-ci ildə biz də olacağıq və deyim ki, bizim para-taekvandoçularımızın hər biri çox güclüdür.
Bu yaxınlarda sorğu apardıq və məlum ldu ki, paralimpiyada idmançılarımız çox olduğu halda xalqımız yalnız İlham Zəkiyevi tanıyır. Səncə bunun səbəbi nədir?
-Səbəbi ancaq media işçilərindədir. Məsələn, biz dünən Bakıya gəldik. Avropa çempionatından uğurla qayıtmışdıq. Amma bizi işıqlandırmaq üçün yalnız iki televiziya kanalı, Xəzər TV ilə Lider TV gəlmişdi. Amma hər hansı müğənni gəlsə Bakıya bütün televiziyalar hamısı gələcək, onun haqqında yazacaq. Ona görə də bizi elə də yaxşı tanımırlar.
Deyirsən ki, ölkəmizdə iki idman kanalı olduğu halda onlar sizə qarşı laqeyd oldular?
-Tək idman kanalları yox bütün kanallar. Onlar gəlib bizi çəkməlidilər ki, başqa bizim kimi əlilliyi olan gənclər görsün və onlara stimul olsun. Onlar da idmana gəlsinlər və cəmiyyətdə öz yerlərini tapsınlar.
Yarışda uğur qazananda bu xəbəri ilk kiminlə bölüşürsən?
-İlk öncə qalibiyyətimi əkiz bacım, Xəyalə ilə bölüşürəm. Daha sonra isə dostlarımla. Çünki bu idmanda mənə yüksək əhval-ruhiyyəni bacılarım verir.
Əkiz bacınızın idmana həvəsi var?
-Məndən çox onun idmana həvəsi var. Mənimlə məşq edir. Bir sözlə mənim formada qalmağıma nəzarət edir. Amma təkcə əkiz bacım yox böyük bacım da dəstək olur.
Yarışdan kənarda idmançı olmağınız sizə kömək olub? Məsələn, yol ilə gedərkən kimsə söz atarsa..
-Yox heç vaxt belə hadisə olmayıb. Mən gücümü yalnız tatamidə rəqibimə qarşı göstərmişəm.
Gələcəkdə ailə quracağın insan qarşına seçım qoysa ki, ya idman ya mən, hansını seçərsən?
-Təbii ki, ailəni seçərəm.
Ən böyük arzun nədir?
-Olimpiya çempionu olmaq. Amma ondan öncə yenidən Dünya və Avropa çempionu olmaq istəyirəm.
Sonda oxucularımız və idmana yeni başlayanlara nə deyərdin?
-Ən əsası, idmanda ilk öncə istək olmalıdır. Əgər sizdə istək varsa deməli hər şey yaxşı olacaq. Əlilliyi olan gənclərin idmana gəlməyini çox istəyirəm. Çünki idman ən azından kompleksi atmağa kömək olur.