ABŞ-ın Las Veqas Şəhərində keçirilən güləş üzrə dünya çempionatının ikici yarış gününü güləşçilərimiz 1 qızıl və 1 gümüş medalla başa vurub.
İlk Avropa Oyunlarının qalibi, Rəsul Çunayev (71 kq) qalibiyyət tarixçəsinə birini də əlavə edib. Finalda Ukrayna təmsilçisi, erməni əsilli Armen Vardanyana qalib gələrək Dünya çempionatının qızıl medalına sahib olub.
Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı və Dünya çempionu Rövşən Bayramov (59 kq) inamla güləşərək finala yüksəlib. Finalda qarşılaşdığı kubalı rəqibi İsmael Borrero Molina güləşçimizin qalibiyyətini gümüş medal sahibi olması ilə bitirib. Bu medal güləşçimizə, 2016-cı il Rio Olimpiadasına vəsiqəni də təmin edib.
2016-cı il Rio Olimpiadasına daha bir vəsiqəni 130 kq çəkidə mübarizə aparan Sabah Şəriəti qazanıb. İlk görüşündə Macarıstandan Balint Lam üzərində qələbə qazanan Sabah, 1/4 finalda Venesueladan Ervin Jose Caraballo Cabreranı mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn güləşçimiz həm də Rio Olimpiadasına 3-cü vəsiqəni əldə edib. Yarımfinalda Türkiyə təmsilçisi Rıza Kayaalpa məğlub olan Sabah Şəriəti bürünc medal qazanmaq şansını saxlayıb. Ancaq həlledici görüşdə Ukrayna Oleksandr Çernetskiyə məğlub olan güləşçimiz Dünya çempionatını beşinci sırada tamamlayıb.
Artıq idmançılarımız Vətənə yola düşüb. 11 sentyabr, saat 21:00-da (Bakı vaxtı ilə) Vətənə qayıdacaq güləşçilərimizi qarşılamaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunacaq.
Orxan Əliyev