UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin birinci oyun günündə keçirilmiş Azərbaycan – Portuqaliya qarşılaşmasında U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də Bakı Olimpiya Stadionundan canlı izlədiyi oyunda 33 min tamaşaçı sayı qeydə alınıb. Bu isə U-17 Avropa çempionatları tarixində qeydə alınmış ən yüksək göstərici olub.
Qeyd edək ki, indiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınmışdı – 24 min nəfər. Bununla da Bakı şəhəri UEFA U-17 Avropa çempionatının tarixinə düşüb.
Xatıladaq ki, millimiz ilk oyunda Portuqaliyaya 0-5 hesabı ilə məğlub olublar. Millimiz qrupda ikinci oyununu mayın 8-i Belçikaya qarşı keçirəcək.