Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində ikinci turun oyunlarına start veriləcək. "Inclusivenews.org” saytının məlumatına görə, A və B qruplarında olan milli komandalar növbəti oyunlarını keçirəcək.
Günün ilk qarşılaşması saat 14:00-da 8-ci km qəsəbə stadionunda olacaq. B qrupunda yer alan iki komanda Ukrayna və Avstriya milliləri qarşılaşacaq. Qrupdakı birinci oyununda güclü Almaniya ilə 2:2 hesablı bərabərliyə razı olan Ukrayna, Bosniya və Hersoqovinanın qapısından iki cavabsız qol keçirən Avstriya qarşısında qələbə qazanmağa çalışacaq.
Bu qrupun digər oyunu isə saat 19:00-da "Dalğa Arena”da başlayacaq. Turnirə heç-heçə ilə başlayan Almaniya Bosniya və Hersoqovinanı sınağa çəkəcək. Hər iki milliyə qələbə qazanmaq vacib olduğuna görə bu oyunun maraqlı keçəcəyi gözlənilir.
Millimizin də yer aldığı A qrupunun ilk oyunu Şüvəlanda – "Dalğa Arena”da keçiriləcək. Turnirə yığmamız üzərində 5:0-lıq darmadağınla başlayan Portuqaliya millisi Şotlandiyanı sınağa çəkəcək. İslandiyalı hakim Qunnar Yarl Yonssonun idarə edəcəyi qarılaşmanı start fiti saat 15:30-da səslənəcək.
Yığmamız isə saat 19:00-da 8-ci km qəsəbə stadionunda Belçikanı qəbul edəcək. Təbriz Həsənovun yetirmələri ilk oyunda Şotlandiyanı məğlub edən rəqibinə qarşı ən az xal qazanmağa çalışacaq. Bu qarşılaşma CBC Sport kanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatının yayım hüququ CBC Sport və Eurosport kanallarına məxsusdur.
UEFA U-17 Avropa çempionatının final mərhələsi
Qrup mərhələsi, 2-ci tur
A qrupu
15:30. Portuqaliya – Şotlandiya
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
"Dalğa Arena”
19:00. Azərbaycan – Belçika
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
8-ci km qəsəbə stadionu
B qrupu
14:00. Ukrayna – Avstriya
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
8-ci km qəsəbə stadionu
19:00. Almaniya – Bosniya və Hersoqovina
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Vasili Ermişin (Moldova), Balaj Buzas (Macarıstan)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
"Dalğa Arena”