Bu hadisəni mən ilk dəfə eşidəndə utandığımdan "yerin dibinə girmişdim”. Həqiqətən deməyə söz tapmırdım. Bir tərəfdən yalandan ona təsəlli verməyə çalışırdım, digər tərəfdən də dediklərini başımla təsdiqləyirdim.
3 ildir əlillik mövzusunda bir layihədə iştirak edirəm və layihə çərçivəsində 2 dəfə Ukraynada olmuşam. Hər səfərimdə Vladimir Azin adlı əlil arabasında olan ekspertlə bir araya gəlirdik. Bu yaxınlarda eşitdim ki, bu layihə çərçivəsində həmən ukraynalı ekspert və yanında da əlilliyi, yəni fiziki məhdudiyyəti olmayan bir qadın həmkarı ilə birlikdə Azərbaycana gəlib. Layihənin Azərbaycan üzrə koordinatoru olan xanım dostumuz da nəzakətli davranıb, bu iki ukraynalı yoldaşı şəhərimizlə tanış etmək üçün tədbirdən sonra gəzməyə dəvət edib. Beləliklə, əlil arabasından istifadə edən bəy və heç bir əlilliyi olmayan qadın ekspert bizim yerli koordinatorumuzla birlikdə gəzməyə çıxıblar. Elə hər şey də bundan sonra başlayıb…
Riskli turizm və əlil arabasından istifadə edən turist
Vladimir bizim küçələrdə hərəkət etməkdə əməlli başlı çətinlik çəkib. Çünkü əlil arabaları ilə bir səkidən digər səkiyə keçmək üçün nəzərdə tutulan mayilli keçid, yəni "pandus” bir çox səkilərdə yoxdur. Olanların isə dərəcəsi çox yanlışdır, yəni çox üzü aşağıdır, oradan heç bir əlil arabasında hərəkət edən şəxs sərbəst şəkildə istifadə edə bilməz, gərək ona kimsə həmişə kömək etsin.
Xülasə… Qonaqlar gəzə-gəzə gəlib çıxıblar Milli Dənizkənarı Bulvara. Bu zaman isə əsil biyabırçılıqlardan biri baş verib. Təsəvvür edin, yeraltı keçid əlilliyi olan insanlar üçün nəzərdə tutulmayıb, yəni bu keçiddə nə lift, nə də arabalar üçün nəzərdə tutulan qaldırıcı kran olan qurğu var. Buna görə də keçidin üstü ilə, avtomobillərin ən sürətlə hərəkət etdiyi yolların birindən keçməyə məcbur olublar. Təsəvvür edirsiz bu necə risk deməkdir? Insanlar nə var-nə var bizim şəhəri gəzəcəklər deyə, həyatlarını riskə atmağa məcbur olublar. Sonra da ölkəmizə turistləri cəlb etmək istəyirik. Bu yollarla ?!
Bu hələ qəzetdir, jurnal qarşıdadır
Lakin çox təəssüf ki, məsələnin ən utancverici məqamı bütün bunlara əlavədir…
Ticarət mərkəzlərindən birinin girişi müyəssər olmadığı üçün, yəni hər kəsə əlçatan olmadığına görə, Vladimir bura qalxa bilməyib. Əvəzində, digər 2 xanım yoldaşa söyləyib ki, siz girin gəzin, mən sizi burda gözləyərəm. Xanımlar ticarət mərkəzinə daxil olduqdan sonra, yoldan keçən vətəndaşlarımızdan biri yaxınlaşıb əlil arabasında olan Vladimirə pul uzadıb. Onu dilənçi kimi qəbul edib sədəqə vermək üçün ona pul uzadıb. Əcnəbi dostumuz təbii ki, ilk növbədə dilənçi olmadığını və o, şəxsin puluna ehtuyac duymadığını bildirib. Amma…
Qonağımızın bu hadisədən sonra əhvalı əməllicə korlanıb, şəhərimizin süni gözəlliyi də burnundan gəlib. Hadisədən sonra xanımlar ticarət mərkəzindən çıxıb bizim yerli koordinatorumuza sual verib: "Mən kənardan baxanda kasıb birinə oxşayıram?” Axı niyə də kefi korlanmasın? Kimin xoşuna gələr kiminsə onu dilənçi yerinə qoyub pul təklif etməsi?!
Dilənçi həyat yoxsa həyatın dilənçi etdikləri?
Bu kimi hadisələrin baş verməsinin səbəbi də heç qaranlıq deyil, məsələ çox bəsitdir. Azərbaycanda dilənçilərin 50-60% hər hansısa bir "əlilliyi”, yəni fiziki məhdudiyyəti olan insanlardır. Ən pisi də, aidiyyatı dövlət qurumları buna göz yumur! Gəl bir nəfər əlinə gitara alıb çıxsn bayıra ki, küçə musiqisi ilə məşğul olub pul qazansın, dərhal polislər gəlib buna mane olacaqlar. Amma bu qədər fiziki məhdudiyyəti olan insanların küçədə sərbəst şəkildə dilənməsinə və digər əlilliyi olan insanların adına xələl gətirmələrinə göz yumurlar. Özü də ən pisi də bilirsiz nədir? Bu şəxslər əksər hallarda başqaları tərəfindən diləndirilirlər, yəni əməlli başlı insan istismarı baş verir. Aidiyyatı qurumlar bunu bildikləri halda buna göz yumur!!
Məsələnin ikinci bir tərəfi də var. İnsan nə qədər düşüncəsiz olmalıdır ki, hansısa bir əlilliyi olan şəxs əlini açıb pul dilənir deyə, sakitcə öz yolunu gedən və ya dayanıb kimisə gözləyən və heç kimdən pul istəməyən digər əlilliyi olan şəxsləri də dilənçi hesab etsin? Belə insanlar o qədər dar düşüncəlidirlər, daha ətraflı yazıram ki, bəlkə görüb o boş başlarına nəsə girər. Deyirəm ki, yəni həkimlər ağ uniforma geyinirsə, deməli bütün ağ uniforma geyinənlər həkimdirlər? Axı bunun aşbazları da var, onlar da bənzər geyinirlər. Və ya daha konkret, bir nəfər əlilliyi olan şəxs dilənirsə, deməli bütün əlilliyi olan insanlar dilənçidir? Yəni insan hansı düşüncəyə sahib olmalıdır ki, tanışlarını gözləyən əcnəbi ekspertə yaxınlaşıb pul uzatsın?
Bu yazıları yaza-yaza yenə əsəbləşdim, davam etməyə səbr çatmır, düşüncəsi olan özü nəticə çıxarar.
Məqalə ilk dəfə Murad Məmmədovun blogunda dərc olunub və yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.