Azərbaycan cüdoçuları Çinin Tsindao şəhərində start götürən Qran Priyə 2 qızıl medalla başlayıb.
60 kq çəki dərəcəsində yer alan İlqar Müşkiyev əvvəlcə bolqarıstanlı Yanislav Gerçev, ardından rusiyalı Dmitri Kulikov, 1/4 finalda azərbaycanlı Orxan Səfərov, yarımfinalda qazaxıstanlı Aybek İmaşevi yenərək, finala yüksəlib. Həlledici qarşılaşmada o, hollandiyalı Yeroen Mureni məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səfərov isə 7-ci yerlə kifayətlənib.
66 kq çəkidəki Nicat Şıxəlizadə isə ardıcıl olaraq, monqolustanlı Batgerel Battsetseq, almaniyalı Rene Şneyder və yaponiyalı Kenqo Takayçini üstələdikdən sonra finala adlayıb. Son qarşılaşmasında isə təcrübəli cüdoçu daha bir monqolustanlı Tumurxuleq Davadorju yenərək, Qran Prinin qalibi olub.
Həftəsonu daha 8 cüdoçu – Rüstəm Orucov (73 kq), Abdulhaqq Rəsullu(81 kq), Hüseyn Rəhimli (81 kq), Məmmədəli Mehdiyev(90 kq), Ramin Qurbanov (90 kq), Elxan Məmmədov(100 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.
Orxan Əliyev
inclusivenews.org