Bu gün ölkəmizi UEFA Avropa Liqasında təmsil edə "Qəbələ" və "Qarabağ"qrup mərhələsinin II turunda növbəti oyunlarını keçirib.
Inclusivenews.org xəbər verir ki, "Qəbələ” Bakıda Almaniyanın "Maynts” klubunu qəbul edib. Bu qarşılaşma "qırmızı-qara”lar üçün yaxşı başlamayıb. 42-ci dəqiqədə yaponiyalı oyunçu Muto fərqlənib.
İkinci hissənin əvvələrində Ruslan Qurbanov "Qəbələ"nin cavab qolunu vurub. O, özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Bundan 5 dəqiqə sonra Zenyov komandamızı önə keçirən qola imza atıb.
Ancaq Roman Qriqorçukun yetirmələri bu üstünlüyü sona kimi qoruya bilməyiblər. Əvvəlcə Con Kordoba, ardınca isə Levin Öztunalı topu qapıdan keçirərək "Maynts"a qələbə qazandırıblar.
Son ölkə çempionu "Qarabağ” isə səfərdə"Fiorentina”nın qonağı olub. İlk turda Bakıda "Slovan”la heç-heçə edən "Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.
Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.