Bu gün ölkəmizi UEFA Avropa Liqasında təmsil edə "Qəbələ" və "Qarabağ" qrup mərhələsinin II turunda növbəti oyunlarını keçirəcəklər.
Inclusivenews/org xəbər verir ki, mübarizəyə ilk olaraq "Qəbələ" başlayacaq. Onlar doğma meydanda 8-ci km qəsəbə stadionunda Almaniyanın "Maynts" klubu ilə qarşılaşacaq.
İlk turda səfərdə "Anderlext”lə bacarmayan "Qəbələ”ni bu dəfə də çətin sınaq gözləyir. Bununla belə, Roman Qriqorçukun yetirmələri tarixlərində ilk dəfə Avroliqanın qrup mərhələsində qələbə qazanmaq istəyir. Amma ki, təmsilçimiz bu görüşə itkilərlə çıxacaq. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri "qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu oyundan dərhal sonra son ölkə çempionu "Qarabağ” növbəti sınağına çıxacaq. Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fiorentina”nın qonağı olacaq.
İlk turda Bakıda "Slovan”la heç-heçə edən "Qarabağ”ı bu dəfə daha çətin oyun gözləyir. Bu vaxta qədər təmsilçilərimiz 2 dəfə İtaliya klublarından xal alıblar. "Neftçi” və "Qarabağ” hərəyə 1 dəfə "İnter”lə heç-heçə ediblər. Ağdam təmsilçisi Florensiyada sürprizə imza atıb qələbə qazansa, bu, İtaliya təmsilçiləri üzərində ilk qələbəmiz kimi tarixə düşəcək.
İtaliyanın Florensiya şəhərindəki "Artemio Franki” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi
II tur
C qrupu
19:00. "Qəbələ” – "Maynts” (Almaniya)
Baş hakim: Gediminas Majeyka
Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas
Dördüncü hakim: Vladimir Gerasimov
Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski (hamısı Litva)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)
Bakı. 8-ci km qəsəbə stadionu
J qrupu
21:00. "Qarabağ” - "Fiorentina” (İtaliya)
Baş hakim: Oliver Draxta
Baş hakimin köməkçiləri: Roland Brandner, Stefan Kühr
Dördüncü hakim: Roland Ridel
Əlavə köməkçi hakimlər: Manuel Şuttenqruber, Diter Makenhammer (hamısı Avstriya)
Hakim-inspektor: Mihael Arquro (Kipr)
UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya)
Florensiya. "Artemio Franki” stadionu