Yaşadığım agır günləri hər gün yenidən yaşayacağımı düşünəndə Dünyada ən qaranlıq həyatın məndə olduğunu fikirləşirdim. Fikirləşirdim ki, bundan artıq nə ola bilər ki?! Axı mən əvvəlki kimi yeriyə, qaça bilmərəm.
İllər əvvəl adi bir zədədən bu hala gələcəyimi desəydilər, inanmazdim. Uşaq vaxtlarında çox hərəkətli, bir yerdə qala bilməyən bir uşaq idim. İndi isə hərdən hərəkətsiz halda bir yerdə dayanıb O, uşağı düşünürəm. Keçmişin yuxu olduğunu fikirləşirəm. Çunki o zaman xoşbəxt idim. Belə desək, keçmişim bir yuxu kimi gəldi və getdi.
"HƏYAT DAVAM EDİR”
Bu söz bəlkə də təsəllidi. İnsanın özünə və ya qarşısındakına verdiyi bir təsəlli. Çünki həyat bəzən yaşayaraq hər gün ölməkdir. Bəzən həyat, ölümün tez bir zamanda gələcəyini düşünərək yaşamaqdır. Mənim üçün də Həyat davam edir…
Ümid edirəm ki, bu söz özümə olan təsəllim deyil. Başlıqda, ən qaranlıq həyatın məndə olduğunu düşünürdüm deyə yazmışdım. Artıq elə fikirləşmirəm. Çünki qaranlıq elə qaranlqdir.
Bir insan gözlərini yumarkən və ya işığın olmadığı bir yerdə qaranlığı görər, amma tezliklə gözlərini açar və işıq olan bir yerə cıxar. Qaranlıq budur, amma müvəqqəti…
Gözlərini yumub, sonra aça bilməyən birini gördünmü? Qaranlıq bir yerdə dayanıb, işığa çıxa bilməyən birini necə, gördünmü?
Mən gördüm!
Onun hər gün işığı görmək diləyi ilə ağlayan ürəyini gördüm. Sevdiyini, sevdiklərini necə çox görmək istədiyini gördüm. Üzünün həmişə gülüb, içində için-için ağladığını gördüm. Bir gecə səhərin açılacağını, günün doğacağını gözlədiyini gördüm. Ümidi gördüm.
Əslində daimi qaranlıq deyə bir şey də yoxdur. Hər qaranlığın sonunda bir işıq var. Çünki mən ALLAHı gördüm.
Misra