Həyat – O bəzən canlı bir varlığa bənzəyir, sanki bizim onu hiss etdiyimiz kimi, o da bizi hiss edir. Və bizimlə sanki canlı bir insan kimi davranır. Biz ona gülümsəyəndə o da bizə gülümsəyir, biz mızıldanıb ondan üz döndərəndə, o da eyniylə üz çevirir, küsür və uzun müddət gülmür üzümüzə.
Bəzən həyata məhz bu yanaşma ilə yanaşmaq lazımdır. Birindən xoşunuz gələndə, birini sevəndə ona bu sevgini bildirməsəniz o, sizin sevginizdən agah olmayacaq və bir gün, və bir gün baxacaqsınız ki, o başqası ilə qol-qola gəzir. Həyat da məhz belədir, sizin onu sevdiyinizdən xəbəri olması üçün bunu ona hiss etdirin! Həyata hiss etdirin ki, siz onu sevirsiniz. Ona hiss etdirin ki, həyatı və yaşamağı sevirsiniz, hər şeyə rəğmən, bütün çətinliklərə rəğmən onu sevməyin gözəl olduğunu ona hiss etdirin! Bu zaman o da sizi ən ehtiraslı sevgi ilə sevəcək. İstənilən bir çətinlik zamanı sizin yanınızda olub yenidən ayağa qalxmanız üçün sizə əlini uzadacaq həyat. O bir çox canlıdan daha vəfalıdır, ona sevgisini elan edənləri bütün sevgisi ilə gücləndirər. Siz onu bir gün sevsəniz, o sizi iki gün sevər. Həyata sevginizi elan edin, ona bunu hiss etdirin!
Bəli o bəzən sanki canlı bir varlıqdır. Necə ki, uşaqlıqda qonşudakı uşağın oyuncağını əlindən almaq üçün inadla mübarizə aparırdınızsa, bu gün həyatdan da nəsə istəyəndə onunla mübarizə aparıb lazım gələndə onun əlindən almalısınız istədiyinizi. Amma qorxmayın, o qonşunun uşağı tək ağlamayacaq, çünkü onun sizə verə biləcəyi "oyuncaqlar” saysız hesabsızdır. Yetər ki, siz bunu ondan almaq üçün mübarizə aparın. O sizin düşündüyünüz qədər acımasız və qəddar deyil, sadəcə bir qədər cəhd etsəniz və bir qədər mübarizə aparsanız, o zatən özü onu sizə uzadacaq. Sadəcə o da xoşlayır ki, bəyəndiyiniz qızı (oğlanı) əldə etmək üçün apardığınız mübarizənin heç olmasa 50%ni, onun üçün də aparasınız. O sizdən çox şey istəmir.
Hə, həyat bir çox hallarda canlı bir varlıq kimidir, ona gülsən güləcək, sevsən sevəcək, ölsən öləcək və bitəcək. Bir şəxslə davranışlarınızı həyata qarşı tətbiq edin, bu zaman qarşı tərəfin sizə verməyini istədiyiniz reaksiyaları həyat da sizə verəcək. Onun sevdiyi insan tipləri: asanlıqla təslim olmayan, qarşılaşdığı çətinliklər qarşısında, yaşadığı itkilər sayəsində diz çöküb elə orada da qalmayan və vicdanla yaşayanlardır. Hə, o bir də həddən atıq həssas olanları sevmir, çünkü özü də nə qədər həssas və zərif çalarlarla zəngin olsa belə, yeri gələndə sərt üzünü göstərməyi bacarandır, o xoşlayır özündə olduğu kimi sizdə də hər şeyin balanslı şəkildə və aşırı dərəcədə olmamasını.
Birini sevib onunla ciddi münasibət qurmaq istədiyiniz zaman baş verdiyi kimi, həyatı da sevmək istədiyiniz zaman onun bəzi xoşagəlməz xüsusiyyətlərini dərd etməyin. Heç kəs ideal deyil, həyatın da öz mənfi və müsbət xüsusiyyətləri var, lakin buna baxmayaraq onu sevmək üçün dolayısı ilə onun da sizi sevməsi üçün bəzi mənfilərinə çox da ilişib qalmaq lazım deyil. Bunun üçün onun müsbətlərinə daha çox diqqət yetirmək lazımdır, xüsusən də onun sizin üçün etdiklərinə. Daima mənfilərinə fikir versəniz nə o sizi sevəcək, nə də siz onu. Unutmayın heç kəs ideal deyil, siz belə. Bütün çətinliklərə rəğmən həyatı sevin, ona gülümsəyin, qarşılığı özünü çox gözlətməyəcək.
Murad Məmmədov