Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında son 1 həftə ərzində eşitmə məhdudiyyəti olan daha 5 koxlear əməliyyatı həyata keçirilib.
"Inclusivenews.org”-un APA-ya istinadən verdiyi məlumata görə, bu əməliyyatlardan 4-ü dövlət vəsaiti hesabına icra olunub.
Klinikanın Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev və komandası tərəfindən icra edilən "Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə, eşitməyə əlil statusunda olan uşaqların eşitməsi bərpa olunub.
Yusif Hacıyevin sözlərinə görə, artıq həmin uşaqlara implant taxılıb, bu uşaqlar artıq digərlərindən fərqlənmirlər: "Onlar normal səviyyədə inkişaf edəcək, danışa biləcəklər. Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və s. sənət sahələrinə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar”.
Mütəxəssis vurğulayıb ki, uşaqlarda bu problemin qarşısını almaq üçün vaxtında müayinə çox böyük önəm kəsb edir: "Bütün valideynlərə məsləhətimiz odur ki, eşitmədə hansısa bir problem hiss edən kimi həkimə müraciət etsinlər”.
Koxlear əməliyyatı anadangəlmə eşitmə problemi olan uşaqlara, həmçinin sonradan bu qabiliyyətini itirən uşaqlara da tətbiq edilir.