Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gələn həftə 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.
"Inclusivenews.org”-un Nazirliyin rəsmi mlspp.gov.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək.
Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası mayın 18-də saat 10.00-dan 14.00-dək Balakən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 15.00-dan 19.00-dək Zaqatala rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 19-da saat 9.00-dan 13.00-dək Qax rayon ƏSMM-nin və saat 14.00-dan 19.00-dək Şəki Əlillərin Regional Bərpa Mərkəzində müvafiq şəxslərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.
Mayın 20-də isə saat 9.00-dan 13.00-dək Oğuz rayon mərkəzi xəstəxanasında və 14.00-dan 18.00-dək Qəbələ rayon mərkəzi xəstəxanasında həmin rayonlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar şəkildə protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.
Qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata götürülmüş vətəndaşlara, habelə göstərilən vaxtlarda və ünvanlarda müraciət edən müvafiq şəxslərə ehtiyaclarına uyğun şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək.