"Məşqçim müəyyən üzürlü səbəblərə görə yarışda mənim yanımda ola bilmədi. Gözlərim hər yerdə onu axtarırdı”, Rio 2016 Yay Paralimpiya Oyunlarına ilk dəfə qatılan idmançı Rüfət Rəfiyev oyun təəssüratlarını bizimlə bölüşür.
Müsahibəmiz beynəlxalq çempionatlıqda Atletikanın nüvə itələmə yarışında 4-cü yeri qazanıb. Çempionatda daha yüksək yer tuta biləcəyini düşünür, amma bunun üçün daha çox çalışmalı olduğunu bildirib.
Qısa arayış:
1989-cu il dekabrın 29-u Bakıda anadan olan Rüfət Rəfiyev idmanla 2012-ci ildən məşğul olmağa başlayıb. İlk yarışına 2013-cü ildə, Birləşmiş Ərəb Əmirliyində keçirilən Düya çempionatında çıxan idmançımız Dünya çempionatında 6-cı yer tutub. Bundan sonra dəfələrlə Dünya və Avropa çempionatlarında mükafat qazanan Rüfətin son uğurlu yarışı, Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Yay Paralimpiya oyunları olub.
İlk dəfə çıxış etdiyi Paralimpiya Oyunlarının onun üçün böyük təcrübə olduğunu vurğulayan qəhramanımız, rəqiblərinin ondan daha güclü və təcrübəli olduğunu bildirib.
Artıq "Rio 2016” arxada qalıb. Bu yarış və çıxışınız haqqında fikirlərinizi bölüşərdiniz.
- Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Açılış daha çox yadda qalan oldu. Öz çıxışımdan razı qaldım. Amma daha da yaxşı ola bilərdi.
Medal qazanmaq üçün sizə nə çatmadı?
-Mənəvi dəstək lazım idi mənə. Məşqçim müəyyən, üzürlü səbəblərə görə yarışda mənim yanımda ola bilmədi. Gözlərim hər yerdə onu axtarırdı.
Bu sizin ilk Paralimpiya Çempionluğunuz idi?
-Bəli, amma sonuncu deyil (gülür).
Yəqin ki, həyacanlı idiniz.
-Təbii ki, hardasa həyacan var idi. Orda çıxış edən idmançılar məndən güclü və təcrübəli idi. Amma əgər mən 4 ildə bu yerə gəlib çıxmışamsa bu, mənim üçün böyük uğurdur.
İdmanla neçə ildir məşğul olursunuz?
-4 ildir idmandayam. Amma 4 il bundan qabaq idmanla bağlı heç nə yox idi həyatımda.
Sizi idmana həvəsləndirən kim olub?
-Özüm həvəs göstərmişəm idmana.
Uğur qazandıqdan sonra buna ən çox sevinən kim olur?
-Müəllimim və ailəm.
Bir çox paralimpiya idmançılarımız olduğu halda niyə heç kim tanımır onları? Bunun səbəbi nədir sizcə?
-Paralimpiya idmançıların təqdimatı, tanıtımı elə də güclü olmur. Bununla jurnalistlər, media və televiziya işçiləri məşğul olmalıdır.
Gələcək yarışınız nə vaxt olacaq?
-Çox güman ki, Birləşmiş Ərəb Əmirliyində Dünya Çempionatına lisenziya xarakterli yarış olacaq.
Sizə bu və gələcək yarışlarınızda uğurlar arzulayırıq!
Çox sağ olun. Mən də sizə gələcək işlərinizdə uğurlar arzulayıram!