Əməliyyatım ağır keçdi. Başına gələnlər bilir ki, əməliyyat bitər-bitməz xəstəni oyadırlar. Məni isə həkimlər oyada bilmirdi. Onların danışıqlarını, adımı çəkdiklərini, oyanmadığım üçün narahat olduqlarını eşidirdim. Səslər sanki exolu və bir-birinə qarışıq gəlirdi. Cavab verirdim, amma bəlli ki, ˝Oyağam! Sizi eşidirəm!˝ cavabı sadəcə içimdəki səsim idi. Onlar eşitmirdi. Axırı oyandım və həkimimin ˝Şükür!˝ dediyini eşitdim.
Olayın üstündən 3 gün keçmişdi. Reanimasiyada idim. Anidən nəfəsimin yavaş-yavaş kəsildiyini, xırıldamağa başladığımı hiss etdim. Həkim qapıdan içəri girər-girməz ˝əməliyyat otağını hazırlayın˝ deyə qışqırdı. Sonrasını xatırlamıram.
4 saatlıq ağciyər əməliyyatı olmuşdum. Ağciyərim işini dayandırdığına görə beynimə oksigen getmirdi və yaddaşımı itirdim. Oyandıqda özümə 3 sual verdim: ˝Bura haradır?˝, ˝Bunlar kimdir?˝ və ˝Mən kiməm?˝.
Həkim heyəti başımın üstündə idi. Nəsə deyirdilər, soruşurdular, heç bir şey anlamırdım. Sanki bilmədiyim dildə danışırdılar. O xəstəxanada daha öncədən də əməliyyat olmuşdum deyə hər kəsi tanıyırdım. Ancaq bu dəfə onları tanıya bilmirdim, mənə yad idilər. Sağ tərəfimdə elektroşok aləti, sol tərəfimdə isə boru ilə ağciyərimə bağlı süni tənəffüs aləti. Bəllidir ki, elektroşok alətindən məni yenidən həyata qaytarmaq üçün istifadə ediblər və hər ehtimala yaxınımda saxlayırdılar.
Zamanla yaxşılaşırdım deyə verilən sualları anlamağa başlamışdım. Ancaq nə cavab verəcəyimi bilmirdim. Cavabım yox idi. Ən çətini, gün ərzində 5-6 dəfə oyandırılıb eşitdiyim ˝Adın nədir?˝ sualı idi. Sual məni çox narahat edirdi. Düşünməyə çalışdıqda gözümün qarşısına ağ pərdə enirdi. Nə qədər düşünməyə çalışsam da sanki o bəyaz boşluqda itirdim. O an 2 hiss yaşayırdım: hər an beynim və ürəyim partlayacaq. Və düşünməyə çalışmaqdan vaz keçirdim.
Məni hər gün oyadıb ˝Adın nədir?˝ sualını verən psixoloq idi. Sonuncu dəfə oyadıb eyni sualı verəndə ˝Səbuhi˝ dedim və o an gözlərindən yaş axdı. Sevincək gedib həkimimə söylədi.
Anladım ki, keçmişi, yaşadıqlarını unutsan da onlar səni tərk etmir. Həmişə səninlədi və ən əsası, keçmişi unutduqda insanın üzərinə ən böyük yük yüklənir, ˝Mən kiməm?˝
Səbuhi Talıbov