Bodrumda yaşayan Suat Türkmən illərdir dənizdən yığdığı daşlarla maraqlı insan simaları hazırlayır. 9 il əvvəl qəzaya düşəndən sonra əlil arabasında gəzən gündən o, bu peşəni özünə yeni məşğuliyyət kimi seçib.
İnclusivenews.org-un əməkdaşı ilə həmsöhbət olan Suat deyir ki, daşları seçmək üçün ona dostları kömək edir. Buna isə saatlarla vaxtını sərf edir. Dostları daşları dənizdə seçəndə o, artıq mimikaların dodağının, burnunun, gözünün necə olmasını düşünür. Daşlar yığıldıqca o, ölçüsünə və quruluşuna əsasən onları üz orqanlarına uyğun qruplaşdırır.
"Daşların rənginə və ölçüsünə diqqətlə baxıram. Artıq onlara baxanda deyirəm ki, bu daş mimikanın hansı hissəsinə yaxşı gedər və demək olar ki, beynimdə hazırlayacağım mimikanın təsvirini yaradıram”, deyən Suat Türkmən bu mimikaları hazırlayanda dodaq, gözlər, burun üçün istifadə edəcəyi daşları dəfələrlə necə dəyişməsini həvəslə bizə nəql edir.
Daşlaşan mimikaları Suat Bodrumda, dəniz kənarında olan kiçik köşkündə elə də baha olmayan qiymətə satır- 45 TL.
"Daşlaşmış mimikaların” yanında kiçik bir xəbərdarlıq oxuyuram "Daşlarla şəkil çəkdirmək 20 TL”. Ondan bunu yazmasının səbəbini soruşuram.
"Bir də görürüsən əcnəbi gəlib heç nə demədən daşı götürüb şəkil çəkir. Mən də hər dəfə onlara nəzarət edə bilmirəm. Yerli sakinlər isə görürüsən şəkli çəkir və sonra da onu öz adına çıxarır”, Suat bu cür xoşagəlməz hallardan yayınmaq üçün xəbərdalığı yazdığını deyir.
Bərk kağızlardan hazırlanan evciklər də az marağa səbəb olmur. Üzərində göz muncuğu olan kiçik evciklər cəmi 25 TL. Suat deyir ki. ay ərzində onlarla belə evcik satır və ona hətta yerli restoranlardan biri bu evciyin böyünü hazırlamğı sifariş edib.
"Burda yaxınlıqda bir restoran var. Oranın dekorasiyası üçün məndən böyük ev hazırlamağımı istədilər. Bu günə qədər o evi restoranda saxlayırlar”, deyə Suat bizə həmin məkanı işarə edir.
Suatın bu gün əsas istəyi, dünyanı gəzərək bu sənətin biliklərini hər kəslə bölüşməkdir. Deyir ki, artıq 3 ildən çoxdur ki, qeyri dövlət təşkilatları ilə əməkdaşlığa başlayıb və indi dünyanın müxtəlif yerlərində şəyird yetişdirmək imkanı qazanır.