Onu ilk dəfə Nərimanov rayonunda, dostumu gözləyərkən gördüm. Hərəkətlərində qismən məhdudiyyəti olsa da, davranış və çeviklikdə yoldaşlarından geri qalmaması diqqətimi cəlb etdi. Onu seyr etməyə o qədər aludə olmuşdum ki, heç dostumun görüşə gecikməsinin fərqinə də varmadım. Bir onu bilirəm ki, dostumun gəlişi müşahidələrimi yarımçıq saxlamağa məcbur etsə də marağıma son qoya bilmədi. Aylar sonra onunla yenidən görüşdüm; eyni məkanda, amma fərqli ortamda.
Aradan 3 ay keçməsinə baxmayaraq o, yenə də həmişəki kimi yeməyi yeyib masanı tərk edən müştərilərin arxasınca dərhal təmizlik işləri görür, restoranda stolların təmiz qalmasına çalışırdı. Əlillik sahəsində 5 illik peşəkar təcrübəmə əsasən, xanımın diaqnozunun serebral iflic olduğunu əvvəldən anlamışdım. Ona görə xanımı seyr edərkən məni sevindirən və diqqətimi çəkən əsas məsələ, onun əlilliyinin olmasına baxmayaraq vəzifəsini çox məharət və həvəslə yerinə yetirməsi idi. Həm də ona görə sevindim ki, nəhayət, Azərbaycanda da hansısa bir şirkət əlilliyi olan insana işləmək şansı verir. Inkişaf etmiş ölkələrdə və insan fərqliliyinin tamamilə normal qəbul olunduğu ölkələrdə adi qəbul olunan bu mənzərənin, əlilliyin çox qeyri-adi və qorxulu bir hal kimi qəbul edildiyi bəzi ölkələrdə və həmçinin bizdə reallaşmasına sevinməyə bilməzdim.
Beləliklə… Xanımı gördüyüm ilk gündən beynimdə dolaşan istəyi reallaşdırmaq imkanı qazandım. Işlədiyi obyektdə, təmizlədiyi masalardan birinin arxasında əyləşib onunla həmsöhbət oldum:
Salam. Oxucularımıza necə təqdim edək Sizi?
-İsmayilova Nigar, 1988-ci ildə Bakıda dünyaya göz açmışam. Təhsilimi Məktəbəqədər pedaqogika üzrə almışam.
Maraqlıdır, Nigarı kiçik uşaqların təhsilindən restoran işinə gətirən səbəb nə oldu? Necə oldu bura işə düzəldiniz?
– Əlilliyi olan insanların cəmiyyətə sosial inteqrasiyası üçün çalışan bir təşkilat var idi. Tez-tez ora gedib gedirdim. Günlərin birində orada çalışan xanımlardan biri mənə McDonalds’a işə düzəlmək istəyimlə maraqlandı. Mən də etiraz etmədim. Həmin xanım bu filialın ofis rəhbəri ilə danışdı. O da sağ olsun "yox” demədi. Beləcə, 6 aydan çoxdur burada, Nərimanov filialında çalışıram.
Əla! İndi işin necə gedir? Kollektiv necədir?
– Əsasən restoranın təmizlik işlərinə nəzarət edirəm: ortalıqda lazımsız və istifadə olunmayan qablar, podnosları yığışdırıram, restoranda səliqə-səhmanın qaydasında olmasına cavabdeh daşıyan əməkdaşlardan biriyəm. Digər iş yoldaşlarım da sağ olsunlar mənə dayaq olurlar, yaxşı kollektivimiz var. Menecerdən tutmuş sıravi işçilərə qədər mənə çox kömək və dəstək olurlar.
Əlilliyin sənin buradakı iş prosesinə hər hansı bir təsiri və ya maneəsi olurmu?
– Yəqin özünüz də müşahidə edəndə gördünüz ki, serebral iflic olduğuma görə sol əlimin hərəkətində bir az məhdudiyyət var. Ilk dəfə gələndə də yalnız buna görə narahat idim: müştərilər məni necə qarşılayacaq? həyəcandan nəyi isə sındırsam necə olacaq? və s. Bir az işləyəndən sonra gördüm ki, bütün bu narahatlıqlar boşuna imiş. (gülür) Işə alışdıqca onlar heç biri mənim üçün problem yaratmır və əlilliyim səbəbi ilə heç kim mənə bir sual verib söz soruşmurlar və hər kəsə necə, mənə də eyni davranırlar. Məni də digər işçilər kimi qəbul edirlər.
İşdən əlavə gündəlik nə ilə məşğul olursan? Təhsilini davam etdirmək istəyirsənmi?
-Orta təhsilimi kütləvi məktəbdə, Nizami rayonu, 12 saylı orta məktəbdə almışam. 9-cu sinifi bitirdikdən sonra, 2006-ci ildə Nərimanovda yerləşən Bakı Məktəbəqədər Pedaqoji Texnikuma qəbul oldum. Amma öz ixtisasım üzrə hələ ki, işləməmişəm. Işdən əlavə mahnı oxuyuram. Musiqini, mahnı oxumağı sevirəm, hətta bir neçə mahnı müsabiqələrində iştirak etmişəm. İctimai aktiv olmağı xoşlayıram, ona görə də mütəmadi olaraq əlillik mövzusunda keçirilən tədbirlərə qatılıram.
Digər əlilliyi olan insanlara nə söyləmək istərdin?
– Əlilliklərinə görə özlərini heç kimdən fərqləndirməsinlər! Hər bir insanın başına gələ biləcək bir hadisədir, daim pozitiv olsunlar. Desinlər gülsünlər, oxusunlar, şənlənsinlər. Çalışsınlar öz işlərini özləri görsünlər, iş üçün müraciətlər etsinlər. Birinci dəfə alınmaya bilər, ikinci dəfə də eyni hal təkraralana bilər, amma üçüncüdə ALLAH mütləq bir qapı açacaq və ona iş tapılacaq. Yetər ki, evdə oturmasınlar. Mən də əvvəllər özümə qapanırdım, lakin bu işimin sayəsində özünə qapanma məndə aradan qalxdı, deyib gülməyə başladım. Düzdü, kollektivdən də çox şey asılıdır, kollektiv yaxşıdırsa insan da açılışır, komplekslərindən uzaqlaşır.
Son olaraq nələri əlavə etmək istərdin ?
-Burda mənə işləmək şansı verdiklərinə, xoş münasibətə görə rəhbərliyə və kollektivə təşəkkür edirəm. İşlədiyim müddətdə burada özümü o qədər rahat və sərbəst hiss edirəm ki və bu onların sayəsində oldu. Məni əlilliyi, fiziki məhdudiyyətli olan insan kimi yox, özlərindən biri kimi, cəmiyyətin bərabər hüquqlu nümayəndəsi kimi qəbul edib yanaşdılar. Onlara təşəkkür edirəm ki, əlilliyi olan insanları işə qəbul edirlər, bir çox şirkət sahibləri kimi ön yarğılı və stereotiplərlə dolu olan münasibət göstərmirlər. Mənə ilk gündən görünüşə görə yox iş qabiliyyətinə görə dəyər verdilər. Sənə də diqqətin və müsahibə aldığın üçün təşəkkür edirəm, Murad.
Sahibkarlar çox vaxt düşünür: İnsanın əlilliyi varsa o, bacarıqsızdı, digərlərindən bir neçə addım geridədir. Müsahibim öz nümunəsində göstərdi ki, bu heç də belə deyil! Əsas olan nəyi bacarmağımızdır.
Murad Məmmədov
P.S. (red.) Murad şəhərimizdəki "Güclü insan”ların izinə düşüb. Mütəmadi olaraq onların hekayələrini Siz oxucuları ilə də bölüşəcək. Eyni insanları fərqləndirən cəhətin yalnız onların hekayələrinin olduğuna inanır. Bu inamla da yola çıxaraq, silsiləvi "Güclü insan” hekayələr toplusuna yazmağa qərar verib. Belə qəhrəman tanıyırsınızsa Murada onlar haqqında yazmağı unutmayın.