"Danışan kitablar” termini ilk dəfə 1930-cu ildə istifadə olunub. Elə audio kitablar da ilk dəfə həmin dövrlərdə, ABŞ-da ərsəyə gəlib. 1970-ci ildə bu kitabların adı təkmilləşdirildi və audio kitab termini yaranıb. İlk dövrlərdə yalnız gözdən əlillər üçün nəzərdə tutulan audio kitabların auditorirasına tədricən başqaları da qoşulub: kitabı əllərində tutmağa, onları səhifələməyə çətinlik çəkənlər, oxumaq problem ilə üzləşənlər, disleksiyalı insanlar, vaxt məhdudiyyətindən əziyyət çəkənlər və sair. Beləliklə 1994-cü ildə ABŞ-da ilk və bugünə qədər yeganə olan "Audio Nəşriyatlar Asossasiyası” yaradıldı və təşkilat bu sahəyə artan maraq və tələbatı nəzərə alaraq onu sənayələşdirdi. Bu gün ABŞ-da 80 000 çox audio kitab saytlardan yüklənə və dinlənilə bilər. Böyük Britaniya Krallığında bu cür kitabların sayı 18 000 yuxardır və audio kitabların satışından əldə olunan gəlir 4 milyon funt sterliq civarında dəyişir.
Ölkəmizdə bu sahə dünya ölkələrindən 10 il sonra, 1980-ci illərdən inkişaf etməyə başlayıb. Amma inkişaf səviyyəsinin sadaladığımız ölkələrlə müqayisə olunacağını deymək çətindir. Apardığımız qısa araşdırmalar nəticəsində məlum oldu ki, ölkəmizdə bu sahə hələ peşəkarlaşmayıb və daha çox könüllülük əsasları ilə inkişaf etdirilir.
Inclusivenews.org Azərbaycan dilində olan online audio kitab mənbələrini sizə təqdim edir.
- Uşaqlıq dövründə hər birimizin sevərək oxuduğu "Tülkü Həccə gedir”, "Dovşanın tənbəlliyi”, "Turpun nağılı”, "Çırtdan” da daxil olmaqla 51 uşaq nağılını audio kitabını Respublika Uşaq Kitabxanasının saytında dinləmək olar. Professional səsləndirilən audio kitablar 2003-cü ildə, layihə çərçivəsində hazırlanıb. Kitabxanadan verilən məlumata görə yenilərinin əlavə olunması yaxın gələcəkdə müzakirə olunmur.
- BBC Azərbaycanca "Danışan Kitablar” rubrikasında Rasim Balayevin səsi ilə dinləyicilərə 2 audio kitab təqdim edir: Qurban Səid "Əli və Nino” Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim”. Audio kitabların hazırlanması sahəsində ötən əsirdən böyük təcrübəyə malik və Böyük Brtitaniya Karallığında kifayət qədər məşhur olan BBC İnternational bu layihəsini 2012-ci ildən start verib. Bu gün Böyük Brtaniya Krallığında satışa çıxarılan audio kitabların əksəriyyətinin üzərində BBC loqosunu görmək mümkündür.
- Youtube "Səsli kitab”kanalında dünya və yerli klassiklərin 44 əsərinin audio verisyası toplanıb. Səsələndirmələri daha çox həvəskarlar, könüllülər həyata keçirib. Layihəni həyata keçirən Gülər Qasımova maliyyə dəstəyi olduğu halda bu işi dha professional səviyyədə həyata keçirəcəyini deyir.
- Bloger Xəyyam Rəfili kitab həvəskarlarını daha çox kitab oxumasına dəstək olmaq üçün internet səhifəsində azərbaycan dilində dünya klassiklərinin 15 audio kitabını yükləyib. Audiokitablar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icrası ilə hazırlanan "Danışan Kitablar” adlı diskdən köçürülüb. Saytda həmçinin Rasim Balayevin səsləndirməsində Qurani Kərim Azərbaycan dilində təqdim olunur.
- Qurani Kərimi də daxil olmaqla Harun Yəhya təxəllüsü ilə yazan türk yazarı Adnan Oktarın dini əsərlərini dinləmək istəyənlər üçün də resurs mövcuddur. seslikitab.com.az saytı sizə kömək ola bilər.
- Bloger, əlil araba istifadəçisi olan Orxan Adıgözəlliyə məxsus youtube kanalında iki audio kitab tapmaq olar: Stiven Kinq "Cəhənnəm Pişiyi” əsəri və Gi de Mopassan "Ay işığı” hekayəsi. 2 gün ərzində audio kitab dinləyicilərinin sayının 400-ə çatması, blogeri siyahını artırmağa həvəsləndirib.
Audio kitabları disklərdən dinləmək üçün Respublika Gözdən Əlillər Kitabxanasına müraciət edə bilərsiniz. Kitabxananın rəfləri Azərbaycan dilində olan audio kitablarla zəngin olmasa da, rus dilində bir çox audio kitabları tapmaq mümkündür. Bu arada, əgər səlis oxu bacarığınız varsa, onda Respublika Gözdən Əlillər Kitabxanasının könüllülər komandasına qatılıb hər hansı audio kitabın hazırlanmasına kömək edə bilərsiniz. Bunun üçün kitabxanaya müraciət etməniz lazımdır.
Inclusivenews.org