Kadıköy dəniz limanında yaşanan izdihamın içində o, dərhal diqqətimi cəlb etdi. Adamların arasından keçib elə sürətlə hərəkət edirdi ki, sanki gəmidən enən hər kəsə yetişmək istəyir. İçərisində soyuq su və kağız salfet olan səbət dizinin üstündə səylə insan izdihamının arasından keçir; üzündə həyat eşqi, əzim və cəsarətlə arabasını cəld sürür: "Siz de ister misiniz?” deyə hər kəsə sual verirdi. Eşidəcəklərimin məni nə qədər qəribə və xoş hisslər bəxş edəcəyini bilmədən mən də ona sual verdim. Su almaq bəhanəsi ilə yaxınlaşıbEfnazim Aydınla qısa da olsa söhbət yoldaşı olduq.
Yakacık, İstanbulda yaşıyır. Anadangəlmə əlilliyi olan Efnazim ailədə əlilliyi olan yeganə insandır. Dörd təkərli kürsüsü uzun illərdir ona yoldaşlıq edir. 20 ilə yaxındır hər gün evinden avtobusa minib Kadıköy dəniz limanına gəlmək üçün bir saatdan çox davam edən 35 km yol qət edir. Hər gəlişində satış üçün özü ilə müəyyən sayda su və kağız salfet də gətirir. "Satdığın malları necə gətirirsən? Harda saxlayırsan?” deyə soruşuram: "Hamısını özüm edirəm” deyə qürür və sevinclə cavab verir. "Özüm topdan satış mərkəzindən alıram. Elə daha ucuz gəlir və hamısını gətirib evə yığıram. Gecədən bir hissəsini soyuducunun dondurmasına qoyuram. Yaxşıca buzlayır və bura gələnə qədər də belə buzlu və soyuq qalır.”
Şəkildə ciddi görünməsinə baxmayın, ünsiyyət vaxtı təbəssüm heç üzündən əskik olmadı. O qədər sevinc və həvəslə danışırdı ki, onu sadəcə qucaqlayıb, içdən "Afərin, Efnazim!! Allah heç vaxt əzmini sındırmasın!” deməyim gəldi. Bəziləri üçün həbsxana kürsüsü sayılan bu araba onun üçün yaşamasına təkan verən stimullardan idi. Bunu bilməyimə sevinməyə bilməzdim.
Sevincim Üsküdarda daha da böyüdü. Elektriklə işləyən təkərli kürsülər üçün küçədə şarj stansiyası qurulmuşdu. Elə bu stansiyanın yaxınlığında daha bir əlil sadəcə kağız salfet satırdı- 1 TL.
Adını öyrənə bilmədiyim, təkərli kürsüdən istifadə edən daha bir əlilliyi olan Türk dəniz sahilində gəzinirdi. (P.S. bu ifadəm sizi təəccübləndirməsin. Onun davranışını görsəydiniz siz də təsvir üçün bu ifadədən istifadə edərdiniz) Burası Üsküdar, məşhur Qız Qülləsinin yanıdır. Gənc sevgililərin görüş üçün dəyişməz ünvanı, turistlərin, çay həvəskarlarının, sakitlik tapmaq və istirahət etmək istəyənlərin tez-tez toplandığı qaynar məkan. Dayı da burdakı alıcıların zövqünə uyğun məhsullar toplamışdı: dilek fənəri, İstanbulun görməli yerlerinin maketləri, soyuducu üçün maqnitlər və sair.
Bu yerlərə gedəndə belə mənzərələrlə üzləşəcəyimi heç ağlımın ucundan da keçirmirdim. Ona görə də hazırlıqsız idim. Inanıram ki, yolumu davam etdirsəydim sevincimi artıracaq reallıqlarla yenidən üzləşəcəkdim. Amma geri dönmə zamanı idi: "Növbəti dəfə sizi yenidən görmək ümidilə…” deyib, təsəvvür edə bilməyəcəyim ruh yüksəkliyi ilə onları tərk etdim. Içindəki, daha yaxşı yaşam əzminin onları heç bir zaman tərk etməyəcəyinə inanaraq..