Heç kim bunu dana bilməz ki, "Qarabağ”ın son illərdəki əsas memarlarından biri də braziliyalı Reynaldo idi.
Sambaçının ilk oyunu dünənki kimi yadımdadır. 2013-cü ilin soyuq fevral günü idi. Qış fasiləsindən sonra yenilənmiş "Qarabağ”ı görmək üçün hər kəs Respublika stadionuna tələsirdi. Mən də o vaxtlar bir azarkeş kimi "Qarabağ”ın hər oyununu stadiondan canlı izləyir və nəticədən asılı olmayaraq komandaya sona qədər dəstək olurdum.
Bu yazını yazarkən də həmin acılı-şirinli xatirələr gözümün qarşısında canlandı. O vaxtlar çempionatımız daha gərgin və maraqlı keçirdi. Həmin vaxtlarda Qurban Qurbanovun komandası qarşısı alınmaz olan "Neftçi” ilə amansız çempionluq mübarizəsi aparırdı.
Qış fasiləsi zamanı "Qarabağ” "Anderlext”dən braziliyalı futbolçu almışdı. Hər kəs düşünürdü ki. Bu da ölkəmizə gələn digər əcnəbi futbolçular kimi bir neçə oyun özünü göstərib, sonra onlar kimi itib batacaq. Amma zaman göstərdi ki, zədə səbəbindən uzun müddət meydana çıxmayan, Belçika "nəhəngi” "Anderlext”dən gələn Reynaldo Qurban Qurbanovun bütün etimadını doğrultdu.
Reynaldo "Qarabağ”ın heyətində keçirdiyi 4 möhtəşəm mövsümdə, azarkeşlərin sevgisini qazanaraq özünü hər kəsə bəyəndirməyi bacardı. Bu illər ərzində 134 oyuna çıxdı, 61 qolun müəllifi oldu. Yaddaqalanları çoxdur.
Hər bir yaxşı şeyin sonu olduğu kimi Reynaldonun "Qarabağ”dakı karyerasının da sonu gəldi.
Təəssüf hissi ilə qeyd edirəm ki, Reynaldonun "Qarabağ”dan ayrılmaq məqamı "yetişibdir”. Son vaxtlarda tez-tez zədələnməsi, onun komandadakı yerinin zəifləməsinə gətirib çıxardı. Bilmək olmaz, bəlkə özü də bezmışdi. Amma reallıq odur ki, istəsə də əvvəlki kimi oynayıb komandaya fayda verə bilmirdi. Elə buna görə də getdi. Bizə yad olmayan bir ölkəyə, qardaş Türkiyəyə...
"Qarabağ”ın Reynaldosu getdi, getdi ki, qardaş ölkədə bizi, "Qarabağ”ı, Azərbaycan futbolunu təmsil etsin. Yolun açıq olsun böyük ürəkli insan...
Orxan Əliyev