Yəqin facebook da bir çoxlarınız bu tip başlıqlı paylaşımlarla rastlaşmısınız: "Allaha şükür edən neçə nəfərik?” "Bu gününə şükür edən neçə nəfərik?” "O bu halına baxmayaraq şükür edir, bəs sən bu gününə şükür edirsən?” və s.
Bu cür səviyyəsiz başlıqlar altında hər hansısa bir xəstəliyi olan və ya bir ayağı olmayan, əli olmayan insanların şəkillərini paylaşaraq guya insanlara motivasiya verirlər və bu günlərinə şükür elətdirirlər.
Heç kəs inciməsin!
Bu tip paylaşımları və həmçinin bu paylaşımları "like” etməyi axmaq bir addım hesab edirəm. Birincisi ona görə ki, kiminsə üzərindən şükür etmək, şükür obyekti olaraq istifadə etdiyin o şəxsi alçaltmaqdır. Bu proses zamanı belə anlaşılır: "Gör filankəs yazıq nə gündədir, mən ondan yaxşıyam. O məndə olandan daha aza sahibdir, şükür.” Bu konkret olaraq həmin şəxsi təhqir etməkdir. İkincisi, məntiqli insan sahib olduqlarının dəyərini anlaması üçün loru dildə desək, "bu gününə şükür etməsi” üçün gözləməməlidir ki, mütləq özündən daha çətin bir durumda olan insanı görsün. Əgər kimsə sahib olduqlarının dəyərini anlaması üçün mütləq belə bir şeyə ehtiyac duyursa, deməli düşüncə tərzində problem var.
Ümumilikdə isə bu proseslər guya motivasiya məqsədi daşıyır, buna bənzər digər nümunələr də var. Məsələn, filankəs də çətin durumdadır, sənə nə olub?! Cəsarətli ol, özünə inan və sairə. Bu çox saxta və məntiqsiz motivasiyadır. Məsələ burasındadır ki, əgər kiminsə problemi varsa, niyə məhz mənim də olmalıdır? Yəni bu bənzətmədə hanı ədalət?! Hanı məntiq?! Əgər kiminsə çətinliyi varsa bu mütləq mənim də olmalı və bu normaldır anlamına gəlməlidir məgər? Bu cür motivasiya verən şəxslər çox ciddi səhvə yol verirlər.
Boşluq
Əslində isə doğru istiqamət və bənzətmə ondan ibarətdir ki, əgər sənin kimi hər hansısa bir çətinlik yaşan insan bu çətinliyə baxmayaraq öhdəsindən gəlir və uğurlar qazanırsa, deməli bunu sən də edə bilərsən. Çünkü o adam səninlə demək olar eyni və ya hətta daha çətin durumdadır. Buna rəğmən o bunu edirsə, deməli sən də eynisini və daha artığını edə bilərsən. Çünkü imkanlar bərabərdirsə deməli fərqli olan mənəvi və psixoloji üstünlükdür, bunu da bərpa etmək fiziki və ya digər imkanları bərpa etməkdən daha asandır.
Çünki fiziki imkanları dəyişmək mənəvi imkanları dəyişməklə müqayisədə daha çətin və mümkünsüzdür. Buna görə də əgər fiziki və ya maddi olaraq hər iki tərəf eyni durumda, lakin psixoloji olaraq biri digərindən daha üstündürsə bu o anlama gəlir ki, fərqi aradan qaldırmaq tamami ilə realdır və həmin şəxsin edə bildiklərini sənin də etməyin tamamilə mümkündür. Doğru yanaşma və motivasiya vermək tamamilə bu cür olmalıdır. Ümumyyətlə, çalışaq insanlara motivasiya verərkən məntiqli və doğru istiqamət verək. Ağıla gələn ilk sözlər və yanaşmalarla insanları ruhlandırmağa çalışsaq o adama və ya başqa şəxslərə daha da zərər vurmuş olarıq. Çünkü məntiq olmayan istənilən istiqamətin sonu sadəcə boşluqdur.
Mənbə: mammadovmurad.com