Pozitiv Olmaq – Bəzən insanlar bunu xoşbəxtliklə səhv salırlar. Bəzən isə özünü aldatmaq heab edirlər.
Xoşbəxtlik fərdi anlayışdı, hər kəsi bir ayrı şey xoşbəxt edə bilər və səni xoşbəxt edən bir şey başqasını nə xoşbəxt edə, nə də pozitiv edə bilər. Pozitivlik özünü aldatmaqda deyil, qətiyyən. Ona görə ki, hər bir çətnlikdə və ya xoşa gəlməz hadisədən, mütləq daha da çətini və ya yaşadığınız xoşa gəlməz hadisənin daha pisi ola bilərdi. Bilirəm indi hər hansısa bir problemi olan oxucu ürəyində deyir ki, bundan da pisi ? Bəli bundan da pisi! Əgər qarşılaşdığınız problemləri dünyanın sonu hesab edirsinizsə, deməli siz fiziki olmasa da, düşüncə baxımından görmə məhdudiyyətlisiniz var, ətrafa yaxşı baxa bilmirsiz.
Yaxşı bəs nədir pozitivlik ?
Pozitivlik və pozitiv insan – Mən professorların, alimlərin söylədiklərini googlda tapıb tərcümə edərək sizlə bölüşə bilərəm, ama bilirəm ki, sizə bu lazım deyil. Sizə sizinlə eyni cəmiyyətdə yaşayan sizdən olan birinin qarşılaşdığı çətinliklərə, gündəlik məişət qayğılarına və sairə yorucu amillərə baxmayaraq pozitiv ola bilən və ya ən azından olmağın qaydalarını bilən birilərinin təcrübəsi lazımdır.
Pozitiv olmaq bəzən yerə döşənmiş metlaq və asfaltın arasından özünə yer tapıb cücərən, boy atan bitkidir.
Bəzən hər hansısa bir yerə bir nəqliyyat istifadə edib 30 dəqiqəyə çata biləcəyin halda, o nəqliyyatın sənə uyğun və əlverişli olmadığı üçün, iki nəqliyyat istifadə edərək gedəcəyin yerə saat yarıma çatmağına baxmayaraq, nəticədə bunu sənin özünün və hər şeyə rəğmən etməyinin sevincini yaşamaqdır. Bəzən arzuladığın universitetə daxil ola bilmədikdə, imtahandan kəsildikdə, gələn il yenə də imtahanların olacağını dərk edib bədbin olmamaqdır.
Pozitivlik qaranlıq bir mühitdə pilləkanı qalxarkən atdığın addımda ayağın boşa getdikdə, artıq boşluğun harada olduğunu bilmək və növbəti addımı daha sağlam yerə atacağına sevinməkdir.
Bəzən də bu, hər hansısa bir məqsədinə çatacağın zamana qədər, hazırkı günlərini bədbin keçirərək, kefsiz əhvalsız dolaşaraq boş vaxt keçirməyin mənasız olmasını bilməkdir. Gələcək onsuz da gələcək, siz bu gün gülsəz də, ağlasaz da, bəs onda niyə də gülməyək ?
Küçədə qaşqabaqlı gəzən xalanı yaddan çıxarıb, küçədə quşları yemləyən balacanın sevincinə şərik olmaqdır bəzən pozitivlik.
Pozitivlik hər bir şeydə yaxşını görə bilməkdir. Yəni cibindəki 10 manatın 5 manatını itirdiyin üçün üzülməkdə, digər 5 manatının hələ də qaldığı üçün sevinmək də sənin əlindədir. Sən seçəcəksən və əhvalın da ona uyğun formalaşacaq, əhvalına görə də günlərin.
POZİTİV OLMAĞIN 6 QAYDASI
- Keçmişdə heç ev telefonunun olmadığı bir zamanda, kimsə çıxıb desəydi ki, gələcəkdə mobil telefon olacaq və filan-filan funksiaları olacaq, o adamı dəli hesab edərək içəri basardılar. Amma bu gün nə baş verib ? Biz hətta iPhone mobil telefonunun 7-ci versiyasının çıxmasını gözləyirik. Yəni keçmişdə mümkünsüz və inanılmaz hesab edilən bir çox şey bu gün tamami ilə realdır. Bu o deməkdir ki, əgər sizin hər hansısa bir probleminiz varsa, çətinliyiniz varsa, bu sabah həll oluna bilər, bu qədər mümkünsüz şeylər mümkün olduğu halda, siz niyə düşdüyünüz çətinliklərin, qarşılaşdığınız problemlərin həllini mümkünsüz hesab edirsiz ki ?
Hər hansı bir problemlə və ya çətinliklə üzləşdikdə onun sabah, sabah olmasa belə birisi gün həll oluna bilinəcəyini xatırlayın.
- Mən başa düşürəm dostları hər hansısa sizə adiyatı olmayan xüsusiyyətlərinə görə qiymət vermək, dəyərləndirmək doğru və etik deyil. Lakin danılmazdır ki, ətrafımızda bədbin və pessimist düşüncəli insanlar çoxluq təşkil etdikdə, biz özümüz də istəmədən onların aurasına düşürük və get-gedə onlar kimi düşünməyə başlayırıq. Ən azından onların daimi bədbinlikləri bizim əhvalımızın korlanmasına təsir edir. Problemi olan dostlarınızla əlaqəni kəsin demirəm, əksinə bacardığınız qədər kömək edin. Lakin belə düşüncəli insanlarla tanışlıqdan və daimi ünsiyyətdən çəkinin.
Ətrafınızda çoxluğu pozitiv və nikbin düşüncəli olan insanları cəmləyin, unutmayın ki, insan təsirə düşməyə meyilli varlıqdır.
- Uzun müddət qapalı və xüsusən də havalandırması yaxşı olmayan məkanlarda vaxt keçirmək insan beynini yorur və başını ağrıdır ki, bu da nəticədə əhvalında korlanmasına səbəb olur. Doğrudur çox gözəl qapalı məkanlar var, hansı ki orada əylənmək, zaman keçirmək insana xoş gəlir. Lakin bu havalandırması yaxşı olan məkanlarda olsa yaxşıdır. İnsan beyni təmiz havada daha sağlam düşünür, rahat nəfəs almaq və oksigenin verdiyi enerjini hiss etmək insanın əhvalına müsbət təsir edir.
Tez-tez açıq havada vaxt keçirin, dostlarınızla görüşün, yaşıllıq üzərinə uzanın, torpağı, yaşıllığı hiss edin, təbiət enerjisinin bədəninizə hopmasına icazə verin. Gəzmək şərt deyil, təmiz havada oturaraq vaxt keçirmək belə müsbət düşünməyə kömək edir.
- Tanışlarımdan biri çox nadir hallarda harasa gedirdi, əksər hallarda evdə oturur və bədbin düşüncələrə qapılırdı, özünü yararsız biri hesab edirdi. Harasa getməyə cəhd etdikdə belə, tərəddüd edirdi gedim ya yox. Məhz bu da anlaşılandır, çünkü insan uzun müddət evdə oturduqda passivləşdikdə, bu daha da tənbəlləşməyə və passiv həyat tərzi keçirməyə səbəb olur. Özüm 2 gün evdə oturduqdan sonra harasa getməyə ərinirəm. Amma unutmaq lazım deyil ki, uzun müddət passiv gün keçirmək insanda pessimist düşüncələrində yaranmasına yol aça bilər. Məsələn əgər beyninizdə hər hansısa bir çətinlik haqda düşünürsünüzsə, bütün günü evdə olduqda o mövzunu daha çox düşünəcək və daha çox üzüləcəksiz. Mən məhz həmən dostumla bir neçə gün ardı arda harasa getdikdən sonra, onda canlanmanın daha enerjili olmağının şahidi oldum.
Uzun müddət evdə qalmayın, tamaşaya gedin, kinoya gedin, canlı musiqi dinləyin. Ən əsası, uzun müddətdir evdən çıxmırsınızsa, birinci addımı atmaq sizə çətin gəlirsə, birinci addımı atmağa nəyin bahasına olursa olsun özünüzü məcbur edin. Gedəcəyiniz məkana artıq çatdıqda, daxilinizdə deyəcəksiniz: "Nə yaxşı ki, gəlmişəm.”
- İnsanın özünü yüksək qiymətləndirməsi, özünə hörmətin yüksək səviyyədə olması onun əhvalına və həyata pozitiv baxmasına birbaşa təsir edən amillərdən biridir. İnsanın özünə hörmətin yüksək olmasına səbəb olan ən yaxşı vasitələrdən biri isə başqalarına yaxşılıq etmək, faydalı işlərlə məşğul olmaq, cəmiyyətə töhvə verməkdir.
Tez-tez rastlaşdığınız və həll olunması üçün bir şeylər etmək istədiyiniz bir və ya bir neçə sosial problemlərlə daha yaxından ilgilənin, o problemlərin aradan qalxması üçün əlinizdən gələn hər nə olursa edin, heç nə yoxdursa bu yolda mübarizə aparan insanlara qoşulun, bu xoş fəaliyyətə dostlarınızı cəlb edin, cəmiyyətə xeyir gətirən işlər görün.
- Heç nə bacarmayan, dar günündə kimsədən aslı olmamaq üçün bacardığı birşey olmayan şəxs əlbətdə ki pessimist olacaq. Sosial uğurları olmayan, daima kimdənsə maddi mənəvi aslı olan şəxslərin gələcəyə nikbin baxması qəliz məsələdir, buna görə də:
Özünüzü inkişaf etdirin, mütləq şəkildə ən azı bir ixtisas və sahə üzrə özünüzü peşəkarlaşdırın. Qazanacağınız hər bir uğur gələcəyə daha pozitiv və nikbin baxmağınıza yardım olacaq. Nə qədər gec deyil fəaliyyətə keçin!
Hazırda mənim 25 yaşım var, qarşılaşdığınız çətinliklərin problemlərin dəfələrlə artığını yaşamışam və yaşamaqdayam. Bu azmış kimi, daima başqa şəxslərin çox dramatik, qəliz hekayələri ilə tanış oluram. Bəzən bu hekayələrin bir iştirakçısına çevrilirəm, bəzən isə 5 nəfərdən birinin qarşılaşacağı qeyri adi və gözlənilməz durumlar mənim qarşıma çıxır.
Sənin universitet problemin varsa, mən heç məktəbə getməmişəm. Sənin karyera problemin varsa, mənim bir zaman heç bir ixtisasım bacarığım yox idi. Sənin sevgi problemin varsa, yaşadığım əndirəbadi sevgi hekayələrini danışsam bir-iki kilo günə baxan tumu bitirərsən. Məsələ onda deyil ki, mən səndən çətin şeylər yaşamışamsa, daha çətin hadisələrin baş qəhramanı olmuşamsa, sən daha azını yaşadığın üçün özünə təskinlik verib, sevinməlisən. Yox! Bu çox ucuz motivasiadir və məntiqli deyil.
Məsələ burasındadır ki, bütün bunlara rəğmən mən həyata pozitiv baxıram, bütün bunlar mənim hər gün diyib gülməyimə, əylənməyimə mane ola bilmir, deməli bunu sən də bacararsan, hətta daha artığını! Bütün bunları edə bilməyim üçün məni səndən fərqləndirəcək bonus qulağım və ya ikinci beynim yoxdur.
Hər şeyə rəğmən həyat davam edir. Hər bir hadisənin hər bir məsələnin, əşyanın və sairənin mütləq yaxşı tərəfi də vardır. Sadəcə sən tənbəllik etməsən, o şeylərin digər, yəni müsbət tərəflərinidə axtarsan tapsan, pozitiv düşünə biləcəksən. Bu ağırlıqda baş sənə dekorativ bəzək əşyası olaraq verilməyib, onu arada işlət, işlət və bil ki, nəyi necə görmək istəyirsənsə o cür də görürsən. Deməli nə etməlisən ? Ay sağ ol, artıq işlədirsən o başı, deməli sən, qarşılaşdığın və ya baş verən hadisələrdə, yaşadığın məhəllədə, ölkədə və dünyada yaxşı və pozitiv şeyləridə görməlisən, yəni bunu istəməlisən, buna cəhd etməlisən. Bayaq dediyim kimi, kim necə istəyirsə o cür də görür. Bilirsən, əgər biz bu dünyaya gəlmişiksə, "istifadə müddətimiz” bitənə qədər davam etməliyik. Yarı yolda ağlamağa başlamaq, pessimist olmaq zəiflərin və qorxaqların işidir. Qorxaq olma, pozitiv düşün və davam et, həyatda heçnə daimi deyil, həmçinin çətinliklər və çətin hadisələr də. Müləq ki, ən azı bir dəfə nəsə səni valeh edib, nəsə sənə inanılmaz xoş təəssürat bağışlayıb, nəsə səni hər şeyə rəğmən həyatın gözəl olmasına inandırıb. Hə bunlar səninlə mütləq ən azı bir dəfə baş verib. Baş veribsə deməli yenə də və hər gün baş verə bilər, YETƏRKİ SƏN BƏDBİN OLMA! PESSİMİST OLMA! NİKBİN OL, POZİTİV OL!