"Burda mənə dəyər verdilər, indi mən 65 yaşa qədər işləmək, özüm üçün pul qazanmaq şansım var. Həm işləyirəm, həm də yeni tanışlarımla ünsiyyətdə olmağın zövqünü yaşayıram.”
Adının çəkilməsini istəməyən miqrant artıq 4 ilə yaxındır ki, Arbewe-də, (red.-psixi problemləri olan insanları işlə təmin mərkəz) işləyir. Psixi pozuntudan əziyyət çəkir. Onunla Arbewe-yə təşkil olunan tur zamanı tanış oldum. 6 il öncə, keçmiş Sovet ölkəsini tərk edərək birdəfəlik Almaniyaya sığınıb. Cəmiyyətə yarasız, yazıq insan münasibətindən çıxıb iş mühitinə qatılması, özü dediyi kimi ona yaşamaq stimulu verib.
Qırmızı Xaç-ın və Nurnberg şəhər bələdiyyəsinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Arbewe bu şəhərdə ən böyük şəbəkəyə malikdir. Şəhərin müxtəlif yerlərində onların 3 böyük iş mərkəzi var. Burda hazırda ümumilikdə 18-65 yaş arası 230 yaxın psixi pozuntudan əziyyət çəkən insan çalışır.
Əvvəlcə, iş üçün mərkəzə müraciət edən, psixi pozuntudan əziyyət çəkənlərin təhsil səviyyəsindən asılı olaraq 2 il 3 ay davam edən müxtəlif peşə tədris proqramları hazırlanır. Oxuduqları müddətdə dövlət onlara müəyyən miqdarda (əlillik faizindən asılı olaraq məbləğlər dəyişir) pul da ödəyir: qida və digər sosial xidmətləri qarşılayacaq məbləğ də bura daxil olur. Üstəlik, il ərzində bir neçə min kilometrlik taksi xidmətlərindən pulsuz istifadə üçün kart da verilir. (red. güzəşt kartları işləyib-işləməməsindən asılı olmayaraq hər zaman verilir) Bu təhsili almağın vacib tərəfi odur ki, mərkəzdə işlə təmin olunma qarantiyan var.
Fotodakı qutular mərkəzə qəbul olunanların ilk əl işidir, başqa sözlə desək, işə başlamağın əlifbası bu qutuları hazırlama qaydasını öyrənməkdən keçir. Qutunun hazırlanması qaydası yazılı formada təqdim olunur. Burda namizədlərin oxu bacarığı, yazılanları qavrama imkanı test olunur, kiçik matorikanın inkişaf səviyyəsi, diqqət və digər psixi keyfiyyətləri yoxlanılır. Əgər bu testi uğurla keçiblərsə, demək işə başlamaq olar.
Burdakı insanlara verilən tapşırıq, əsasən sakit mühit, çox hərəkət tələb etməyən işlərdir. Hər işçi qrupunun öz rəhbəri olur. Həmin rəhbərlər tipik insanlarla işləyən mütəxəssislər olduğuna görə komandaya xüsusi pedaqoqlar da qatılır. Mütəxəssis işin görülmə qaydasını, xüsusi pedaqoqlar isə mütəxəssisə işçilərlə davranma metodologiyasını izah edir. Burda, Arbewe-nin sosial işçisi, Andrea Duprenin sözlərində gizlənən həqiqəti aşkar edirsən: "İşimizin keyfiyyətini artıran məhz kollektiv əməkdaşlıqdr. Hər işə professional yanaşmamız bizi qısa müddətdə yerli şirkətlər üçün etibarlı tərəfdaşa çevirib.”
Buna görə də uşaqlar üçün müxtəlif oyuncaqlar və əşya istehsalı ilə məhşurlaşan Playmobil, Nip şirkəti məmnuniyyətlə bu mərkəzə sifariş verir. Mərkəzə baş çəkəndə işçilərin böyük bir qrupu uşaqlar üçün su şüşəsi, əmziklər, oyuncaqlar üzərində kiçik montaj işini görməyə səfərbər olmuşdular. 16 000-dən çox sifarişi 5 həftəyə tamamlanmaq lazımdır. İşin keyfiyyətli görülməsi üçün hər işçi qrupun tərkibində psixi pozuntulardan əziyyət çəkən insanlardan ibarət yoxlama qrupu da var idi, bu isə işçiləri daha çox məsuliyyətli edirdi.
Sənayə sahəsində böyük nüfuza malik olan Siemens və FAG şirkətləri də Arbewenin müştərilərindəndir. İri şirkətləri əməkdaşlığa maraqlı edən, dövlət tərəfindən onlara təyin olunan vergi və cərimənin miqdarıdır. Belə ki, şirkət əlilliyi olan insanı işə götürmədiyi halda, məhsulun müəyyən qisminin onlar tərəfindən istehsal olunmasını təmin edirsə, 19 % vergidən və cərimədən (red.- əlilliyi olan insanı işə qəbul etmədiyi təqdirdə şirkət dövlətə cərimə ödəyir) azad olurlar. Belə bir stimul isə Almaniyada bir çox biznesmenlərin cibinə uyğundur.
İşçilərin psixi özəllikləri nəzərə alınaraq onların daha həvəslə işləməsi üçün onlara gün ərzində bir neçə dəfə istirahət də verilir. Hər 3 saatdan bir istənilən adam, xüsusi otaqlarda uzanıb yata bilər, yeməkxanda kofe içib yoldaşları ilə şirin söhbətləşər, idman edər, təmiz təbiətdə gəzinə bilər və s.
Ümumilikdə, 2012-ci ilin statistik məlumatına görə Almaniya Federativ Respublikasında 280 mindən çox əlilliyi olan insan 700-ə yaxın mərkəzdə çalışır. Mərkəzlərin 77,23%-i özü məhsul istehsal edərək bazara satışa çıxarır, digərləri isə firmalardan gələn sifarişlər əsasında fəaliyyət göstərir. Statistikaya görə mərkəzlər daha çox dekorativ məhsul istehsal edir- 48%. Kənd təsərrüfatı və mebel istehsalı ikinci və üçüncü yeri tutur.
Mərkəzlərin iş istiqamətindən asılı olmayaraq, ölkədə olan hər bir əlilliyi olan insan üçün belə iş yeri sadəcə göydən düşmə sayılır. Çünki bu onların özünə dəyəri və cəmiyyətə inteqrasiya imkanlarını inanılmaz dərəcədə genişləndirir. Hələ keçmiş Sovet ölkəsindən gələn əlil miqrantdan söhbət gedirsə, "onun kartına tuz çıxıb” demək lap yerinə düşür.
P.S. Məqalə "Elnaramedia-Gənc Əlillərin Media Şəbəkəsi” İB-nin könüllü olaraq başlatdığı "Əlilliyi olan insanların işlə təminatına dəstək” kompaniyası çərçivəsində dərc olunub.