Həyəcan məni bürümüşdü. Sonra nə olacağını bilmirdim. Özümə inanır və güvənirdim. Amma nəticənin belə olacağını gözləmirdim. Və həyatımı alt-üst edən o möhtəşəm an gəldi…
Dünyaya fiziki məhdudiyyətlə göz açmışam. Bəlkə də ondandır, bilmirəm, hər halda valideyinlərim hər bir işdə mənə dəstək olublar.
Sərbəst hərəkət edə bilmədiyimə görə ibtidai təhsilimi evdə alırdım. Bir gün anama dedim ki, artıq hamı kimi mən də çiynimdə çanta məktəbə getmək istəyirəm. Anam da mənə dəstək oldu. İlk dəfə məktəbə yollandım. İçimdə həyəcan var idi. Sağ olsun, uşaqlar mənimlə mehriban idilər.
Qısa vaxtda bir-birimizə qaynayıb-qarışdıq. Futbola marağım böyükdür. Özüm oynaya bilməsəm də, məktəb dostlarımla stadiona gedib komandalarımızı dəstəkləyirdim. İçimdə yığılan stresi bu yolla atırdım. Artıq başa düşürdüm ki, cəmiyyətdə öz yerimi tutmalıyam. Ailəm və dostlarımın məsləhəti ilə qərar verdim – özümü idmanda sınayacağam!
Ağır atletikaya üz tutdum. Əlimdə titrəyişlər olsa da, özümə inamım məni məşqlərin bir gününü belə, buraxmağa imkan vermirdi. Bilirdim ki, insan özünə inansa, məqsədinə çatar. Və… o an gəldi.
Ömrümdə ilk dəfə, özü də ağırlıqqaldırma üzrə yarışda iştirak etdim. Həyatda təkcə fiziki deyil, həm də qaldırdığım mənəvi ağırlıqların məndə yatardığı özünəinam çox güclü idi. Amma yarış günü içimdəki həyəcanı boğmaqda bir az çətinlik çəkirdim…
Adımın çəkildiyini eşidəndə diksindim: məni körpücüyə çağırırdılar – növbəti ağırlığı qaldırmağa! O ağırlığın ağırlığı 60 kiloqram idi.
Nə özümü, nə mənim üçün həyəcan keçirən doğmalarımı, nə də o ağır daşları gözlətdim. Öhdəsindən gəldim ağırlığın. Nəticələr açıqlandı və həyatımda iştirak etdiyim ilk yarışda respublika üçüncüsü oldum.
Desəm ki, olduqca ürəkdən sevinirdim, həmin an keçirdiyim hissləri cılızlaşdırmış olaram. O duyğuların sözlə ifadəsi yoxdur, məncə!
Bürünc medalı boynumdan asanda bir neçə il əvvələ qayıtdim – adicə qələmi əlimdə saxlaya bilmədiyim günlərə. Anladım ki, hər şey özümdən asılıdır və özümdən başlayır. Özünə inanan insan çox şeyə qadirdir. Qələbəmin sirri də elə budur…
P.S. Məqalə "Məqsəd. Kiçik addım… Böyük irəliləyiş” layihəsi çərçivəsində hazırlanıb.