Azərbaycan milli komandasının tarixi qələbəsinə keçməzdən əvvəl sizə oyundan öncə başıma gələn hadisəni danışmaq istəyirəm. Saat 16:00-dan sonra hazırlaşmağa başlayıdım. İçimdə qələbə qazanacağıq deyə böyük bir hiss var idi. "Niyə də yox?!”, "Niyə də olmasın?!” deyib yola düşdüm. Avtobus dayanacağına qədər bir neçə tanış insanlarla həmsöhbət oldum. Hamısı millimizin yenə məğlub olacağını düşünürdü. Amma bunlar da içimdə olan ümidlərimi öldürmədi.
Bir ilə yaxındır jurnalist kimi fəliyyət göstərirəm. İlk dəfə qatıldığım ən böyük tədbir bu il mayın 5-də, futbol üzrə 17 yaşadək milli komandaların Avropa çempionatı olub. Bu günə qədər futbol üzrə əsas milli komandamızın oyununda olmamışdım. Dünən Norveç ilə oyun mənim üçün bir ilk idi. Hər zaman azarkeş kimi getdiyim milli komandamızın oyununa bu dəfə jurnalist kimi gedirdim.
Avtobus dayanacağına çatdım. 15 nömrəli marşrut gec-gec gəlirdi. Hardasa 15-20 dəqiqə gözləməli oldum. Bu müddətdə əlilliyi olan bir oğlan mənə yaxınlaşıb pul istədi. Həmişə əlilliyin olan insanların dilənməsinə qarşı olduğum üçün ona pul vermədim, uzaqlaşıb getdi. İki dəqiqədən sonra o yaxınlaşıb məndən saatı soruşdu. Cavab alandan sonra "çox sağ ol deyib” getdi.
Avtobusa minəndə arxadakı boş yerdə əyləşdim. Elə təzəcə hərəkət etmişdik ki, gördüm həmin dilənən oğlan mindi avtobusa. Yenə başladı "ay analar, ay bacılar, xəstə uşağım var. Köməklik edin”. Mən də düşündüm ki, qoy nəzir verim, bəlkə millimiz üçün də uğurlu oldu. Cibimdə xırda puldan 50 qəpik var idi, verdim. O, da sağ olsun, çoxlu dil ağız elədi.
Nəhayət gəlib Bakı Olimpiya sadionuna çatdım. Bir-iki qurtum su ilə boğazımı yaşlayıb qalxdım media sektoruna. Və o an gədi... Oyunun start fiti səsləndi. Norveçlə matçda nəticə əla oldu, amma millimizin sərgilədiyi oyun o qədər də yox! Əksər hallarda millimiz evdəki oyunlarda səfərdəkindən daha inamlı təsir bağışlayır.Bu dəfə isə sanki evdə deyil, səfərdə oynayırdıq. Çox tez keçdik müdafiəyə. Topu alırdıq və itirirdik. Sanki Norveç mühasirəsinə düşmüşdük. Sağdan, soldan asmalar, xeyli sayda künc zərbələri… Yaxşı ki, tab gətirdik, yaxşı ki, Kamran səhv buraxmadı, yaxşı ki, müdafiəçilər səliqəli oynadı. Əslində, tarixdə göstərilən oyun yox, nəticə qalır. Amma oyun yoxdursa, sonluq heç də dər zaman yaxşı olmur. Hər halda, 2 oyuna 6 xal. Bu günün, bu anın sevincini yaşayaq!
90 dəqiqənin sonunda milli komandamız 1-0 hesablı qələbə qazandı. Bu qələbəyə sevinəndə qəfil ağlıma həmin dilənən oğlan,ona verdiyim 50 qəpik və onun etdiyi dualar düşdü. Yəni bu qələbəni təmin edən verdiyim nəzir və oğlanın duaları oldu? Batil inanc olsa da, həmin an mən də fikrimdən o oğlan üçün dua etmək keçdi. İnsan bir şeyi ürəkdən istəyəndə arzusu mütləq, gec və ya tez həyata keçir. Necə ki, o dilənçi oğlan 50 qəpiyə görə dua etdi. "Niyə də yox?!”, "Niyə də olmasın?!” indi mən inanıram ki, milli komandamız bu qrupdan çıxacaq. Dualarımızın qəbul olması diləyi ilə....