Sumqayıtda Şəhər Mədəniyyət Evi 1 İyun Beynəlxalq Uşaq Günü münasibətilə tədbir keçirib. Tədbirə qatılan istedadlı uşaqlar da öz mahnı töhvələri ilə həmyaşıdlarını təbrik ediblər.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü Kamil Ağazadənin aparıcılığı ilə baş tutan tədbirdə uşaqlar üçün səhnələşdirilən "Tənbəl Əhməd” səhnəciyi, Klounun əyləncəli oyunları, sehirbaz İntizam Bayramovun bir-birindən maraqlı illüziyaları, solistlər İlkin Əlizadə və Elvin Qasımovun ifaları, eləcə də Sveta Aslanovanın ifasında səslənən hind mahnıları balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Ravid və Zəhra Əzizovaların çıxışı, rəsm kursunun üzvlərinin əl işlərindən ibarət sərgisi, eyni zamanda, Mərkəzi Uşaq Kitabxanasının nümayiş etdirdiyi uşaq ədəbiyyatından ibarət sərgi böyük maraq doğurub.
Sonda Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi uşaqları bayram münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıblar.